Previous Next

ADPU-nun filiallarında Xocalı soyqırımının ildönümü münasibəti ilə anım tədbirləri keçirilib

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Filialın direktoru, dos. Mobil Məcidov çıxış edərək tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələrindən danışıb. M.Məcidov bildirib ki, Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Biz buna Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. 
Sonra filialın tərbiyə işləri üzrə direktor müavini, dos. Mahir Səlimov çıxş edərək Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini söyləyib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. “Bunları nəzərə alaraq biz tarixən başımıza gətirilən belə faciələrdən nəticə çıxarmalıyıq, bu faciələrin gələcəkdə unudulmasına yol verməməliyik”, - deyə Mahir Səlimov bildirib.
Sonda Xocalı faciəsi  qurbanlarına həsr olunmuş video çarx izlənilib.
Fevralın 23-də ADPU-nun Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Quba-Xaçmaz regional nümayəndəliyinin təşkilatçılığı ilə 26 Fevral - Xocalı soyqırımının ildönümü münasibəti ilə filialda “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı - Xocalı faciəsi” mövzusunda  tədbir keçirilib. 
ADPU-nun Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı Nəhayət Şirinovanın moderatorluğu ilə keçirililən tədbirdə, əvvəlcə, Xocalı faciəsi qurbanlarının və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialının direktoru, f.e.d., dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti Aparatının İctimai–siyasi, humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev, GİKM-in baş direktoru Azər Əliyev, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Qaramanlı, filialın Humanitar elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış ediblər, "xarici dil müəllimliyi" ixtisasının I tədris ili tələbələrindən Yeganə Quliyeca ingilis dilində "Khojaly genocid” şeirini, Gülyanaq Əhmədova isə filialın müəllimi Rahib Sədullayevin“Xocalım” şeirini səsləndirib.
Daha sonra “Xocalı nişanəsi” filmi nümayiş etdirilib, tələbələrdən Gülyanaq Əhmədova, Nəzrin Talıbova və Yusif Allahverdiyev “Biz qayıtdıq” adlı səhnə təqdim ediblər.
Tədbirdən sonra filialın Kitabxana və elektron resurslar şöbəsinin hazırladığı, Xocalı qurbanlarının xatirəsinə həsr edilən “Qan yaddaşımız” adlı guşəyə baxış keçirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search