Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) Riyaziyyat və Kimya və biologiya fakültələri üzrə nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Xocalını UNUTMA!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Səba Hüseynova Xocalı soyqırımının müxtəlif aspektləri haqqında danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib.
Natiq daha sonra Xocalı faciəsinin şahidlərinin bölüşdüyü fikirləri dilə gətirib, ermənilərin törətdikləri bu misli görülməmiş qətliam haqqında ətraflı söz açıb.
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Vurğun Məmmədov isə Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Bildirilib ki, bununla belə Azərbaycan Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının qisasını döyüş meydanında aldı, bütün torpaqlarımız işğaldan azad olundu.
Görüş diskussiya formasında davam edib.