Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının yeni direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov filialın fəal və əlaçı tələbələri ilə geniş tərkibdə ilk görüşünü keçirib.
Görüşdə filialın direktor müavinləri, dekanlar, digər struktur bölmələr və tələbə təşkilatlarının rəhbərləri iştirak ediblər.
Direktor, dos. V. Məmmədov filialın gələcək fəaliyyət strategiyası barədə tələbələri məlumatlandırıb, görüləcək işlərdən bəhs edib.
Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov və Karyera mərkəzinin müdiri, baş müəllim Xuraman Həmidova müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.
Sonra filialda keçirilmiş “Ən yaxşı Novruz xonçaşı” müsabiqəsində fərqlənən tələbə qruplarının nümayəndələrinə I, II, III dərəcəli diplomlar təqdim olunub. Görüşün sonunda yeni direktor tələbələri dinləyib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, hər hansı problemlə qarşılaşan tələbələrin daim filial rəhbərliyinə müraciət edə biləcəyini diqqətə çatdırıb.