Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VII Respublika elmi konfransı öz işinə başlayıb.
27 mart - Elm Gününə həsr olunan konfransın plenar iclasında giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən, böyük Zəfərdən sonra ölkədə elmin və təhsilin inkişafı sahəsində böyük işlər görülür. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış”la bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir, təhsil ocaqları inşa olunur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılmışdır.
Rektor qeyd edib ki, son illərdə aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr universitetin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb.
Bildirilib ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Bu baxımdan magistrantların da üzərinə böyük məsuliyyət düşür.
Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini, professor Asəf Zamanov qeyd edib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və hazırda da uğurla davam edir. Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında Sərəncamı cəmiyyətin inkişafında elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqətin göstəricisi hesab oluna bilər.
Professor Asəf Zamanov diqqətə çatdırıb ki, universitetdə magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mövcud ixtisaslaşmaların məzmununun yenilənməsi istiaqmətində iş aparılır. Hazırda Pedaqoji Universitetdə 22 ixtisas üzrə 29 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.
Xüsusilə vurğulanıb ki, magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan Menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, Menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təshil üzrə marketinq fəaliyyəti” ixtisaslaşmaları, eləcə də SABAH proqramı üzrə “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasını göstərmək olar.
Prorektor bildirib ki, təhsilin keyfiyyəti anlayışının sürətlə dəyişdiyi dövrümüzdə yeni təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tətqiqatçıları və gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu cür konfranslarda dövrün, təhsilin, tədrisin ən son problemləri müzakirəyə çıxarılmalı, magistrlik dissertasiya mövzularında ən aktual məsələlər elmi müzakirəyə cəlb olunmalıdır.
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi, s.e.ü.f.d. Rəşad Sadıqov diqqətə çatdırıb ki, konfransda ADPU ilə yanaşı Bakı Slavyan Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər.
Daha sonra ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Analitik və üzvü kimya kafedrasının müdiri v.i.e., professor Əli Zalov çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Plenar iclasda ADPU-nun magistrantı Pərvanə Bayramova “Təhsilin müxtəlif sahələrində süni intellektdən istifadə”, BSU-nun magistrantı Həqiqət Hüseynzadə “Latın dilinin istifadə olunması və əhəmiyyəti”, MDU-nun magistrantı Samirə Abbasova “Şifahi xalq ədəbiyyatı örnəkləri: atalar sözlərinin tədrisi mədəni irsi qorumağın bir nümunəsidir” mövzularında məruzə ediblər.
Plenar iclas başa çatdıqdan sonra Təhsildə strateji idarəetmə, İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsildə sosial-psixoloji xidmət, Tədrisin müasir problemləri-1 və Tədrisin müasir problemləri-2 bölmələri üzrə konfrans işini davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda 306 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.