Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Humanitar fənlər kafedrası və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "4 günlük müharibə - Aprel döyüşləri Vətən müharibəsindəki zəfərimizin başlanğıcı kimi" mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə, vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, t.ü.f.d. Vüsal Baxışov giriş sözü ilə çıxış edərək xalqımızın ötən əsrin 80-cıi illərinin sonlarından başladığı milli mübarizəsinin sonda dövlət müstəqilliyinin bərpası ilə nəticələndiyini xüsusi vurğulayaraq, bunun xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri olduğunu qeyd edib. Daha sonra 2016-cı ilin Aprel döyüşləri və onun tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərən V. Baxışov qeyd edib ki, məhz bu 4 günlük müharibə Vətən torpaqlarının azad olunması uğrunda mübarizəmizin başlanğıcı hesab oluna bilər. Məhz bu zəmin üzərində Müzəffər Ali Baş Komandanla həmrəy olan xalqımız 2020-ci ildə tarixi Zəfər qazanmış və bu gün ölkəmizin suveren hüquqları bütün Azərbaycan Respublikası ərazisində bərqərar olmuşdur.
Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova “Aprel döyüşləri – Böyük zəfərin başlanğıcıdır” mövzusunda məruzə edib. O, məruzəsində Aprel döyüşlərindəki qələbənin Azərbaycanın beynəlxalq nüfuzuna təsirindən danışıb.
Məruzə edən ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə geniş məlumat verib. Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi ölçüyəgəlməz islahatlar barədə söhbət açaraq, bu tarixi fəaliyyətin əməli nəticəsinin Aprel döyüşləri və bu döyüşlərdəki qələbədə təzahür etdiyini qeyd edib. Məruzəçi Aprel döyüşlərinin Vətən torpaqlarının işğaldan azad olunması uğrunda mübarizənin əsas tarixi dönüş anlarından biri olduğunu vurğulayıb.
Çıxışlardan sonra seminar qarşılıqlı müzakirə formatənda davam etdirilib.