Previous Next

ADPU-da “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən Türkoloji Mərkəzin təşkilatçılığı ilə Universitetin Filologiya fakültəsində filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı və müzakirəsi keçirilib. 
Təqdimatda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, Türkoloji Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova və mərkəzin əməkdaşları, Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universiteti və Chirchik Dövlət Universitetindən gələn nümayəndə heyəti, eləcə də ADPU-nun digər struktur rəhbərləri, müxtəlif universitetlərdə çalışan türkoloqlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan prof. Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun elmi fəaliyyəti və əsərin əsas xüsusiyyətləri barədə məlumat vermiş, ümumtürk dünyasını birləşdirən ortaq əlifba və ünsiyyət dili problemlərinin türk xalqları arasında həllini tapmamış aktual məsələlərdən olduğunu bildirmişdir. Professor nitqində tarix boyu müxtəlif xalqların təsirinə məruz qalan türklərin bir-birindən fərqli yazı sistemlərindən istifadə etdiyini söyləmiş, əsərin müxtəlif hissələrində əlifba mücadilələri, onun müasir dövrdə vəziyyəti məsələsinin geniş təhlil edildiyini diqqətə çatdırmışdır.
Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, prof. Elman Quliyev çıxış edərək kitabda türklərin tarixən istifadə etdikləri əlifbalar haqqında dolğun məlumatların təqdim olunduğunu, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistanda ortaq türk əlifbasının tətbiqi məsələsinin müxtəlif aspektlərdən təhlilinin verildiyini qeyd etmişdir. 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji Qurultayın təsir dairəsinin elmi-nəzəri, tarixi aspektdən müəllif tərəfindən tədqiq olunduğu diqqətə çatdırılmışdır.
Çıxış edəm müəllif, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, əvvəlcə, təqdimat mərasiminin təşkilinə görə Pedaqoji Universitetin rəhbərliyinə təşəkkürünü bildirmiş, çıxış edən alimlərə fikirlərinə görə minnətdarlığını bildirmişdir. O, əsərdə türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından indiyə qədər davam edən proseslərin araşdırıldığını bildirmiş, monoqrafiyanın bütün fəsilləri barədə ümumi məlumat vermişdir.
Tədbir professor-müəllim heyətinin və tələbələrin müəllifə ünvanladığı suallarla diskussiya formasında davam etmişdir.
Sonda yekun nitqi ilə çıxış edən prof. Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun müəllifi olduğu əsərin türk dünyasında ortaq əlifba, orfoqrafiya kimi aktual problemlərin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu qeyd etmiş və müəllifə təşəkkürünü bildirmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search