Previous Next

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub. 
Laboratoriyanın açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, eləcə də müvafiq struktur rəhbərləri, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Qeyd edək ki, ADPU-nun Pedaqoji-psixoloji laboratoriyasının yaradılmasının əsas məqsədi fakültənin ixtisas profilinə uyğun olaraq təhsil alan tələbələrin əldə etdiyi akademik bilikləri mütəxəssislərin dəstəyi ilə praktik mənimsəmələrini, müvafiq bacarıqlar əldə etmələrini təmin etmək, ixtisas üzrə vərdişlər formalaşdırmaq, onların tipik və atipik uşaqlarla məşğələlərini təşki etməkdir. 
Laboratoriyada 5 istiqamətdə fəaliyyətin təşkil olunması nəzərdə tutulur: loqopediya, psixologiya, defektologiya (korreksiya pedaqogikası), idman və peşə reablitasiyası. 
İdman sahəsi üzrə uşaqlarda dayaq-hərəkət aparatının müxtəlif problemlərinin korreksiyası üçün labaratoriyada idman otağı fəaliyyət göstərir. Burada uşaqların fiziki sağlamlığını məhkəmləndirmək məqsədi ilə məşğələlər aparılacaq. 
Psixologiya sahəsi üzrə tipik və atipik uşaqların öz düşüncələrini və emosiyalarını ifadə etmələri üçün təhlükəsiz və rahat mühiti təmin etmək, psixoloji ehtiyaclarını qiymətləndirmək, lazım gəldikdə terapiya və ya məsləhətlər vermək, uşaqlara və onların ailələrinə dəstək olmaq əsas fəaliyyət istiqamətləridir. Mütəxəssislərin iştirakı ilə tələbələrin praktik bacarıqlarını inkişaf etdirmələri və onların psixoloq kimi formalaşmasına dəstək olmaq əsas hədəflərdən biridir.
Defektologiya otağı inkişaf və ya öyrənmə çətinliyi olan uşaqların ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. 
Loqopediya otağında loqopedlər tərəfindən fərdi və ya kiçik qruplar şəklində müxtəlif məşqlər, fəaliyyətlər və müdaxilələr vasitəsilə uşaqların ünsiyyət bacarıqlarının inkişafına dəstək göstəriləcək.
Oyun terapiyası bölməsi isə uşaqların oyunlar vasitəsilə fiziki, koqnitiv, emosional və sosial inkişafını dəstəkləmək üçün nəzərdə tutulub. 
Laboratoriya uşaqlara keyfiyyətli erkən uşaqlıq təhsili və inkişaf proqramlarına çıxış imkanları təmin edir, onların gələcək öyrənmə və uğurları üçün güclü zəmin yaradır.
Ümumiyyətlə, ADPU-nun Pedaqoji-psixoloji xidmət laboratoriyası təkcə akademik bacarıqlara deyil, həm də sosial, emosional, fiziki və yaradıcı inkişafa diqqət yetirilərək inkişafa vahid yanaşma təklif edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search