Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyi, “Çinar yayımları”, “Təhsil” və "Everest" nəşriyyatlarının birgə təşkilatçılığı ilə İbtidai sinif müəllimlərinin Sumqayıt forumu keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş forumun məqsədi ibtidai sinif müəllimlərini elmdə müasir yanaşmalarla tanış etmək, onlar arasında əməkdaşlıq və təcrübə mübadiləsini, şəbəkələşməni təmin etməkdir.
Forumda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva "Məktəb bir peşəkar öyrənən icma kimi" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda məktəblərin özünü daim yeniləyən və təkmilləşdirən qurum kimi necə formalaşdıra biləcəyinə dair əsas prinsiplər və təcrübələr müzakirə olunub. Qeyd olunub ki, təhsil müəssisələrinin öyrənən təşkilatlar kimi layihələndirilməsi və fəaliyyət göstərməsi üzləşdiyimiz sürətli sosial-iqtisadi dəyişikliklərə uyğunlaşmaq və öyrənənlərə çağımızın gözləntilərinə uyğun bacarıqlar vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə tədris prosesini idarə edənlərin, müəllim və tələbələrin iştirak etdiyi davamlı inkişaf prosesi və bu prosesdə hər bir fərdin həm öyrənən, həm də müəllim kimi rolunun vacibliyi vurğulanıb.
Prorektor məktəbin biliyin kəşfi və innovasiya proseslərindəki fəal rolunun öyrənmə təcrübələrini daha maraqlı və effektiv etdiyini göstərən akademik araşdırmaların nəticələrini paylaşaraq, şəxsi və peşəkar inkişaf, təlim strategiyaları və liderlik təcrübələrinin məktəbin öyrənən təşkilata çevrilmə yolunda necə transformativ təsir yarada biləcəyini nümunələr əsasında qeyd edib: “Müasir təhsil paradiqmasında məktəblər təkcə biliyi ötürmür, həm də öz daxili dinamikası ilə öyrənən və inkişaf edən canlı sistemlər kimi fəaliyyət göstərir.”
Qeyd edək ki, forumda Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrinin 400 nəfərə yaxın ibtidai sinif müəllimi iştirak edib.