Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib.
Sərgi-yarmarkada ADPU-nun Fizika fakültəsinin tələbələrinin STEAM Mərkəzində hazırladıqları əl işləri nümayiş olunub. Təqdim olunan müxtəlif əl işləri filialın əməkdaşları və tələbələri tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi-yarmarkanın ardınca filialın akt zalında STEAM ilə bağlı elmi seminar keçirilib.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları salamlayıb və seminarın işinə uğurlar arzulayıb.
Seminarda ADPU-nun Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri, dosent Arzu Daşdəmirov “STEAM təhsili niyə vacibdir?”, Ümumi fizika kafedrasının professoru Aydın Ələkbərov “Kvant fizikası fizikanın inkişafının yeni mərhələsi kimi” və “fizika müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Nərmin Həsənova “STEAM ilə dəstəklənən öyrənmə, tələbələrdə sahibkarlıq bacarığının inkişafı” mövzularında çıxış ediblər.
Tələbələr tərəfindən maraqla qarşılanan çıxışlardan sonra suallar cavablandırılıb.