Previous Next

28 May - Müstəqillik Günü münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar, əziz tələbələr!

28 May - Müstəqillik Günü münasibətilə hər birinizi böyük fərəh hissi ilə təbrik edirəm!

Bəşər sivilizasiyası tarixində özünəməxsus yer tutan, qədim və zəngin dövlətçilik tarixinə malik olan xalqımızın ziyalı nümayəndələri XX əsrin əvvəllərində yetişmiş mürəkkəb və eyni zamanda  münbit tarixi şəraitdən müdrikliklə istifadə edərək müasir milli dövlətçiliyimizin əsasını qoymuşlar. Beləliklə, 1918-ci il mayın 28-də müsəlman şərqinin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.

Fəaliyyət göstərdiyi 23 aylıq qısa tarixi zaman kəsiyində Xalq Cümhuriyyəti milli dövlət quruculuğu sahəsində sistemli fəaliyyət göstərmiş, hökumət təşkil edilmiş, mərkəzi icra hakimiyyəti strukturları və ali qanunvricilik orqanı - parlament yaradılmış, milli ordunun formalaşdırılmasına başlanmışdır. Vətəndaşların hüquq və azadlıqlarını, eləcə də qadınların seçki hüququnu təmin edən mütərəqqi qanunlar, dövlət dili və üçrəngli dövlət bayrağı haqqında mühüm qərarlar qəbul olunmuş, digər rəsmi dövlət rəmzlərinin hazırlanması, ümumiyyətlə, siyasi, iqtisadi və mədəni həyatın yenidən qurulması istiqamətində  vacib addımlar atılmışdır.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etmişdir. Xalqımızın ilk demokratik dövləti kimi Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev tarixi irsimizə böyük həssaslıqla yanaşmış, müasir dövrdə müstəqil dövlətçiliyin qorunması və dönmədən inkişaf etdirilməsi sahəsində əzmlə çalışmış, böyük fədakarlıq göstərmişdir.

Ulu Öndər yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində müstəqil dövlətimiz daha da inkişaf etdi və hərtərəfli gücləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız azad olundu. Nəhayət, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri ilə Xankəndidəki son separatçılar da ağ bayraq qaldırmağa məcbur edildi və dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərqərar oldu. Bu il Müstəqillik Gününü son 100 ildə ilk dəfə tam suverenlik şəraitində, bütün ölkə ərazisində böyük fərəhlə qeyd edirik.

“Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik... Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” -  fikrini haqlı olaraq qürurla səsləndirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm bərpa və quruculuq işləri həyata keçirilir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daha da möhkəmlənir, dünyada layiqli yerini tutur.

Dəyərli həmkarlar və tələbələr!

Sizi bir daha əlamətdar bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xalqımızın və dövlətimizin tərəqqisi yolunda şərəfli müəllimlik peşəsində böyük əzm və müvəffəqiyyət arzu edirəm. Qarşıdan gələn imtahan sessiyasında hər bir tələbəyə uğur diləyirəm.

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search