Mayın 27-də ADPU-nun Ağcabədi filialında İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti Məhəmməd Hüseynovun “44 günlük Zəfər savaşı” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə filialın rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru, professor Natiq Cavadov, Ağcabədi rayon Təhsil sektorunun müdiri Teymur Qasımov, Ağcabədi rayon Mərkəzi Kitabxanasının müdiri Məhəbbət Əliyeva, Respublkianım Əməkdar müəllimi Camal Abbasov, Ağdam rayonu Səfərli kənd tam orta məktəbin direktoru Şakir Ağalarov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, həmçinin filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsi iştirak edib.
Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Vətən müharibəsinin bütün ayrıntılarını özündə birləşdirən “44 günlük Zəfər savaşı” adlı kitabın təqdimatının bölgə üçün mühüm hadisə olduğunu diqqətə çatdırıb.
Çıxış edən dos. Baxış Ələsgərov “44 günlük Zəfər savaşı” elmi-publisistik monoqrafiyasının məziyyətlərindən danışıb. Bildirilib ki, kitab gələcək nəsillərin müasir tariximizi öyrənməsi prosesində böyük əhəmiyyət kəsb edəcəkdir.
““44 günlük Zəfər Savaşı” monoqrafiyası müasir tarixşünaslığımızın inkişafına layiqli töhfədir” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dos. Mahir Səlimov ilk öncə monoqrafiyanın qələmə alınma səbəblərindən danışıb. Bildirib ki, dos. M.Hüseynov üçün belə bir mövzuya müraciət etmək təbii və qanunauyğun bir haldır. Müharibənin ilk günündən vətənin müdafiəsinə üç oğul övladı yola salan müəllif həm bir ata, həm də tarixçi-alim kimi hadisələri yaxından izləmiş, şahidi olduğu, hər addımı böyük zəfərə aparan 44 günlük müharibənin təfərrüatlarına yaxşıca bələd olmuşdur.
Qeyd olunub ki, əsər giriş, 8 fəsil və nəticə hissəsindən ibarətdir. Bütün fəsillər bir-birinə vahid bir ideya ilə - vətənə, xalqa məhəbbət, dövlətçiliyimizə sədaqət, xalq işi, Dövlət-Xalq-Ordu birliyi və bu birlikdən irəli gələn qalibiyyətin zəruriliyinə inam motivləri ilə möhkəm bağlanıb.
Daha sonra əsər haqqında fikirlərini bölüşənlər “44 günlük Zəfər Savaşı” monoqrafiyasının aktuallığından, müasir dövrün tarixi səlnaməsi kimi əhəmiyyətindən danışıblar. Əsər müəllifinin elmi-pedaqoji fəaliyyəti boyunca xalqa sədaqət, Vətənə məhəbbət ruhunda yetişdirdiyi gənclərin hazırda ölkə həyatının müxtəlif sahələrində şərəf və ləyaqətlə xidmətini də vurğulanaraq qeyd olunub ki, Məhəmməd Hüseynovun “44 günlük Zəfər Savaşı” əsəri sanki işıqlı əməlləri ilə tarixin şanlı səhifəsini yazan igid oğullarımızın müqəddəs ruhlarına həsr olunmuş qəhrəmanlıq dastanıdır.