İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının üçüncü məzun buraxılışı keçirilib. Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər.
CVU-nun proqram direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilən mərasimdə, əvvəlcə, təntənəli məzun himninin sədaları altında universitetlərin bayraqları səhnəyə gətirilib və proqramın müəllim və tələbələri zala daxil olublar.
Açılış nitqi söyləyən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov proqramın növbəti məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Rektor qeyd edib ki, bu gün ikili diplom proqramından 42 nəfər məzun olur. Öncəki iki ildə proqramın məzunu olmuş 41 məzunu da nəzərə alsaq, ümumilikdə onların sayı artıq 83 nəfər təşkil edir.
Prof. C.Cəfərov məzunların təhsil siyasəti və idarəetməsi sahəsində qazandıqları biliklər və formalaşdırdıqları bacarıqların onları gələcəyin liderləri, yenilikçiləri və dəyişikliklər yaradacaq şəxsləri kimi hazırladığını vurğulayaraq deyib: “İnanıram ki, sizlər ölkəmizin təhsil sisteminin inkişafında və təkmilləşməsində fəal rol oynayacaq, gənc nəsillərin daha yaxşı təhsil alması üçün çalışacaqsınız”.
CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer çıxış edərək proqramın məzunlarını təbrik edib, onların təhsilin inkişafında fərq və dönüş yaradacaq liderlər kimi özlərini göstərəcəklərinə inamını ifadə edib.
İkili diplom proqramında tədrisin təşkili və tələbələrin fəaliyyəti ilə bağlı videoçarxın nümayiş olunmasından sonra çıxış edən Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, bu proqram ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyub. Azərbaycan və ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində atılan bu addım, gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıyır. Bugünkü məzunlar bu əməkdaşlığın uğurlu nəticələrindəndir və sizlərin əldə etdiyiniz bilik və bacarıqlar Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacaq.
Proqramın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə icra olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirildiyini vurğulayan nazir bu baxımdan, bu kimi fəaliyyətlərin ölkə rəhbərliyinin təhsilin inkişafına dəstəyi və diqqətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və proqram direktoru Sevinc Məmmədova “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı ilə təltif olunublar.
Sonda “Təhsil siyasəti və idarəetməsi” üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2022/2023-cü tədris ili məzunlarına fəxri diplomlar təqdim olunub.
Qeyd edək ki, Pedaqoji Universitetin Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetməsi” üzrə birgə ikili diplom magistr proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət proqramlarının idarəetmə qrupunun dəstəyi ilə həyata keçirilir.