Previous Next

Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaradıb

Hazırda bəşəriyyəti ciddi şəkildə dekarbonlaşma, onun tempi və miqyası düşündürür. Bu baxımdan son dövrlər ölkəmizdə keçirilən möhtəşəm tədbirlərin fəlsəfəsini yaşıl enerjiyə keçid təşkil edir.

Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaratmışdır. Cari ildə keçiriləcək COP29 tədbiri humanizm və gələcəyə optimist baxışların formalaşması nöqteyi - nəzərindən daha böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyunun 21-də “Euronews”a verdiyi və Azərbaycanın yaşıl gündəliyini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur.

Dövlət başçısı müsahibə zamanı Azərbaycanın “yaşıl gündəliyi”ni nümayiş etdirdiyini, habelə respublikamızın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu diqqətə çatdıraraq bildirmişdir: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.

Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə ölkəmizə olan inamı daha da möhkəmləndirir. Bu isə əlavə addımları zərurətə çevirir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.

Ölkə başçısı cənab İlham Əliyev verdiyi müsahibədə bərpaedilən enerji sahəsində strateji tərəfdaşlarının olmasının önəmini vurğulayaraq qeyd etmişdir: ““Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.

Dövlət başçısının diqqətə çatdırdığı bu məsələlərin həlli istiqamətində qısa müddətdə ciddi layihələr gerçəkləşdirilib. Məhz bunun nəticəsidir ki, respublikamızda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində indiyədək, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gəcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, yerli və xarici ekspertlər tərəfindən ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilir.

Göründüyü kimi, həyata keçirilən bu uğurlu siyasət, eyni zamanda, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması ilə müşahidə olunur və eyni zamanda, iqlim dəyişikliklərinə təsir edən amil kimi çıxış edir.

Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search