Previous Next

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar və əziz tələbələr!

Hər birinizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə böyük qürur hissi ilə təbrik edirəm.

Ordu hər bir dövlətin müstəqilliyinin, sülhün və təhlükəsizliyinin, iqtisadi və siyasi suverenliyinin təminatında çox mühüm rol oynayır. Xoşbəxtik ki, Azərbaycan dünyanın həm güclü orduya, həm də güclü iqtisadiyyata malik sürətli inkişaf edən dövlətlərindəndir.

Müasir milli Azərbaycan Ordusunun əsası 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulmuşdur. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də xalqımızın igid oğul və  qızları hərbi missiyanı ləyaqətlə yerinə yetirmiş, xüsusilə II Dünya müharibəsində misilsiz qəhrəman­lıqlar göstərmişlər. Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən etibarən respublikamızda yenidən milli hərbi kadr hazırlığına başlanıldı. Uzaqgörən Ulu Öndərin qayğısı ilə yetişmiş bu zabit kadrları I və II Qarabağ müharibə­lərində Ermənistan işğalçılarına qarşı mətanətlə vuruşmuş, müstəqil Azərbaycanın ordu qurucu­luğuna böyük töhfə vermişlər.

Bütün həyatı və fəaliyyəti Azərbaycan ilə bağlı olan, onun tarixi irsinə çox həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin 22 mayında imzaladığı Sərəncamla 26 İyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi hər il ölkəmizdə rəsmən bayram olaraq qeyd edilir.

Ümummilli Lider yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün regionun qüdrətli ordusudur. Bu müzəffər ordu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixdə misli görülməmiş zəfərə imza atdı. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə bütün ölkə ərazisində suverenliyimiz tam bərpa edildi. Erməni işğalına və aqressiv separatizmə son qoyuldu. Xankəndi şəhərinin mərkəzində təşkil edilən möhtəşəm Zəfər paradı isə Ali Baş Komandanın qələbə strategiyasının və rəşadətli ordumuzun qüdrətinin daha bir təntənəsi kimi tarixə qızıl hərflərlə həkk olundu.

Heç şübhəsiz, hərbi zəfərlər qurbanlar bahasına əldə edilir. Tarix boyu olduğu kimi, bu savaşlarda da neçə-neçə qəhrəman Vətən övladı şəhadət zirvəsinə yüksələrək öz qanı və canı ilə əzəli torpaqlarımızı düşməndən azad etdi. Onların arasında Pedaqoji Universitetin 17 nəfər tələbə və məzunu da yer alır. Biz daim bütün şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa, müzəffər ordumuza yenilməz qüvvə diləyirik.

Dəyərli həmkarlar və tələbələr!

Bir daha hər birinizi müstəqil dövlətçiliyimizin mühüm təməllərindən olan Milli Ordumuzun yaranma tarixi – 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cancağlığı, təhsil və informasiya cəbhəsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməkdə əzm və fədakarlıq arzulayıram.

Bayramınız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search