2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunmuş abituriyentlərin elektron qeydiyyatına dəstək göstərmək məqsədi ilə universitetdə operativ dəstək xidməti təşkil edilib.
Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi tərəfindən tələbə təşkilatlarıyla birgə təşkil edilən dəstək xidməti çərçivəsində elektron qeydiyyatdan keçməkdə çətinlik çəkən, eyni zamanda müxtəlif səbəblərlə əlaqədar olaraq qeydiyyatında problemlər yaranmış abituriyentlərə yerində dəstək göstərilir.
Elektron tələbə qeydiyyatının başlandığı 28 avqust tarixindən etibarən müvafiq şöbələrin əməkdaşları və universitetin tələbə təşkilatlarının könüllüləri tərəfindən 200-ə yaxın abituriyent yerində dəstək xidmətindən faydalanıb.
Eyni zamanda İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən elektron qeydiyyat, tələbə kreditinə müraciət, təhsil haqqından azad olunma və təhsil haqqına güzəştlə bağlı rəsmi sayt və sosial şəbəkə səhifələrində ətraflı məlumatlar yayımlanıb, qeydiyyat problemləri ilə bağlı rəsmi sosial şəbəkə hesabları və zəng vasitəsi ilə şöbəyə daxil olan yüzlərlə müraciət operativ şəkildə cavablandırılaraq abituriyentlərin qeydiyyatının problemsiz tamamlanması təmin edilib.
Qeyd edək ki, yerində dəstək xidməti elektron tələbə qeydiyyatı prosesi yekunlaşanadək davam edəcək.
Ali təhsil müəssisələrinə elektron tələbə qeydiyyatı 28 avqust - 06 sentyabr 2024-cü il tarixlərində portal.edu.az platforması üzərindən aparılır.