Previous Next

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır

Azərbaycan xalqı uzun müddətdən sonra –1991-ci ilin oktyabrında öz müstəqilliyinə yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bütün bunlardan istifadə edən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək daxili və hərtərəfli xarici dəstəklə həyata keçirdiyi işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir çətin vəziyyətdə – 1993-cü il iyunun 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq səhifə açıldı. Azərbaycan xalqı müdriklik göstərdi və 1993-cü ildə – vətəndaş müharibəsi ərəfəsində Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Yalnız onun müdrikliyi, cəsarəti, millətə olan məhəbbəti və xalqın ona olan inamın nəticəsində Azərbaycan böhranlı vəziyyətdən çıxa bildi. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Çünki 1993-cü ildə və ondan sonra inkişafımızın əsas istiqamətləri məhz onun təşəbbüsü ilə müəyyən edilmişdir. İstər xarici, istər daxili siyasətlə bağlı siyasi və iqtisadi islahatlar onun dünyagörüşü, onun fəlsəfəsi və uzaqgörənliyi sayəsində formalaşmışdır. Biz bu istiqamətlər üzrə irəliyə gedirik. Biz bu ana xətdən kənara çıxmırıq. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yol ilə gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm ki, bundan sonra da bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir”.

Müstəqil Azərbaycan tarixinin memarı olan Heydər Əliyev sayəsində bu gün Azərbaycan inamla irəliləyir və bütün sahələri inkişaf edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.

Ölkə başçısı cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Riyad Rüstəmli

ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search