Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları Pedaqoji Universitetdə iki günlük peşəkar inkişaf marafonunda iştirak ediblər.
Marafonda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva tərəfindən “Təhsilin idarə olunması: XXI əsrdə dəyişikliyə rəhbərlik və liderlik” mövzusunda seminarda təhsil müəssisələrində müasir idarəetmə mexanizmlərinə dair əsas çağırışlar iştirakçıların diqqətinə çatdırılıb. Seminarın ikinci hissəsində “Xor” filmi nümayiş olunub, film əsasında iştirakçılarla idarəetmeyə dair fikir mübadiləsi aparılıb.
ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşı Zarina Nəbizadə “Uşaq bağçalarında təşkilati mədəniyyətin formalaşdırılması” mövzusunda təqdimatla çıxış edərək öyrənən təşkilatlar, açıq sistemlər kimi təşkilati mədəniyyətin önəmli anlayışlarını izah edib.
Marafonda, həmçinin “Məktəbəqədər təhsildə keyfiyyət təminatı”, “Kommunikasiya bacarıqları və İKT: müasir bağça idarəetməsi üçün alətlər”, “Bağçada sağlam psixoloji mühitin təşkili”, “Beynəlxalq (Finlandiya və Kipr) təcrübə paylaşımı və bağça sənədləri ilə işin təşkili” və s. kimi mövzularda peşəkar təlimçilər tərəfindən seminarlar keçilib.
İki günlük marafonun sonunda məmnuniyyət sorğusu həyata keçirilib.