ADPU-nun Şamaxı filialında 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə gedən yolun başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdən öncə filial rəhbərliyi və kollektivi Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib.
Filialın direktoru dosent Tünzalə Yusifova, şəhid ailələri, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə ilk olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Ardınca 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Direktor dosent Tünzalə Yusifova qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün düşünmədən canından keçən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan şəhidlərimiz bizim qürur mənbəyimizdir.
Ardınca çıxışlar dinlənilib. Sosial və xüsusi fənlər kafedrasının müəllimi dos. Mayıl Alıcanov “Zəfərə gedən yolun başlanğıcı”, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “44 günlük Vətən müharibəsi şanlı tariximizdir”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova “Zəfər tariximiz incəsənətdə”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Əsmər Əliyeva “Zəfər tariximizin vətənpərpərlik tərbiyəsində rolu” mövzusunda ətraflı çıxış ediblər. Daha sonra şəhid valideynləri – filialın şəhid məzunu leytenant Orxan Nəbiyevin atası Rza Nəbiyev, şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva və şəhid Zahir Manafovun atası Zakir Manafov çıxış edərək öz ürək sözlərini bölüşüblər.
Bədii hissədə tələbələrin ifasında şeir kompozisiyası səsləndirilib, daha sonra filialın həyətyanı sahəsində şəhid məzunlara həsr olunmuş abidə ziyarət olunub.