Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi” proqramını icra edir. Cari ilin aprel-may ayları ərzində proqrama sənəd qəbulu aparılıb və seçim imtahanları keçirilib.
Açılış mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ADPU-da müəllim hazırlığı istiqamətində yeni yanaşmalardan danışıb və təhsil sahəsində yeni nəsil liderlərin yetişdirilməsi məqsədi ilə universitetdə bir sıra proqramların icra olduğunu, yaxın zamanlarda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetmə” ixtisası üzrə icra olunan icra olunan ikili diplom magistr proqramının ilk buraxılışının keçirildiyini diqqətə çatdırıb.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib ki, məktəblərdə müasir təfəkkürlü və səriştəli idarəçilərin və müəllimlərin yetişdirilməsi nazirliyin əsas hədəflərindəndir və bu istiqamətdə Pedaqoji Universitet geniş imkanlara malikdir.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru, proqram rəhbəri Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramı haqqında təqdimat edərək bildirib ki, proqramın məqsədi məktəb performansını yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə nəzəri və təcrübi öyrənmə imkanları təmin edərək müasir çağırışlara cavab verən təhsil liderlərinin (idarəedicilərin) hazırlanmasıdır.
Prorektor qeyd edib ki, layihəyə iştirakçı seçimi elektron sənəd qəbulu, test imtahanı və müsahibə olmaqla üç mərhələdə həyata keçirilib. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndirilib. Proqram çərçivəsində ilkin sənəd qəbuluna müraciət edən 1006 nəfərdən 418 nəfəri test imtahanında iştirak etmişdir. Növbəti mərhələyə keçən 141 nəfərlə aparılan müsahibə əsasında isə yekunda aralarında direktor, direktor müavinləri, müəllimlər, habelə psixoloqların yer aldığı 50 nəfər proqramın əsas mərhələsinə seçiliblər.
Proqram çərçivəsində seçilmiş 50 nəfərə Türkiyənin və Azərbaycanın tanınmış mütəxəssisləri tərəfindən məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə və monitorinq, məktəbdə heyətin idarə edilməsi və məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi modulları üzrə 145 saatlıq təlim kursu keçiriləcək.
Qeyd edək ki, modulları tədris edəcək mütəxəssis heyətinə Türkiyənin Başkent Universitetinin Təhsil Fakültəsinin müəllimi, Təhsil Elmləri İnstitutunun müdiri rofessor Servet Özdemir, Karabük Universitetinin professoru Ali Çağatay Kılınç, ADPU-nun Strateji İnkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, “Ağ Yelkən” Metodologiya və Tədris Mərkəzinin təsisçisi və icraçı direktoru Yuliya Kərimova, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elmir Şirinov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Mətanət Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun mütəxəssisi Aydan Əzimova və Bakı şəhəri 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev daxildir.