Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Code for Future" layihəsinin 4-cü mövsümünün iştirakçıları olan tələbələrlə görüş keçirilib.
"Code for Future" layihəsi 2021-ci ildən etibarən ADPU-da icra olunur. Layihənin məqsədi gənc müəllimləri informatika fənninin innovativ şəkildə tədrisinə hazırlamaq və onların peşəkar inkişafına dəstək olmaqdır.
Tədbirdə Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib və 2024/2025-ci tədris ilinin bir çox mühüm yeniliklərlə yadda qalacağını qeyd edib. O, 32 ildən sonra Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli tam orta məktəblərin yenidən fəaliyyətə başlamasının və Qarabağ Universitetinin yaradılmasının müəllimlik peşəsinin əhəmiyyətinin daha da artmasına və təhsil sahəsində yeni perspektivlərin formalaşmasına şərait yaratdığını bildirib.
K.Pirverdiyeva, həmçinin tələbələri layihələrdə fəal iştirak etməyə səsləyərək, bu cür təşəbbüslərin onların akademik və peşəkar inkişafına mühüm töhfə verəcəyini bildirib. O, xüsusi olaraq bu tədris ilindən etibarən "Code for Future" layihəsini uğurla başa vuran tələbələr üçün universitet tərəfindən “Lütfi Zadə təqaüdü”nün təsis olunduğunu açıqlayaraq, bu təqaüdün istedadlı gənclərin elmi potensialını stimullaşdırmaq məqsədi daşıdığını vurğulayıb.
Çıxış edən "Code for Future" layihəsinin rəhbəri Nəzrin Əliyeva layihənin məqsədi, ötən tədris ilinin nəticələri, builki tələbələrdən gözləntilər və layihə çərçivəsində planlanlardan bəhs edərək iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Code for Future" layihəsi çərçivəsində cari tədris ilində “Python” kursunun genişləndirilməsi və “MİQ” kursuna kurikulum dərslərinin əlavə edilməsi nəzərdə tutulub.