Previous Next

Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik

Qətiyyətlə söyləyə bilərik ki, bu gün tarixi anların şahidləriyik. Söhbət Azərbaycan Bayrağının Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə və nəhayət, Xankəndidə dalğalanmasından gedir. Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik.

Bəli, istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 15-də işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Bəli, Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Ona görə də Cənab Prezident böyük qədirbilənliklə xatırlatdı ki: “Bu gün Ulu öndərin, bizim bu günümüzü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.

Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçımız Xankəndidə xatırlatdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.

Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxışına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq mümkündür. Dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur və fəxarət manifesti idi.

 

Dos.Allahverdi CƏFƏROV,

ADPU-nun Riyaziyyat fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search