Previous Next

Azərbaycan-BRICS tərəfdaşlığı yaxın perspektivdə daha da güclənəcək

Cari ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma kimi yadda qaldı. Keçirilən sammitdə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BRICS-in Kazan sammitinə dəvət olunması təadüfi deyil. Nəzərə alsaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bundan sonra Azərbaycan bu təsisatda səmərəli fəaliyyətini uğurla davam etdirir. Həmçinin, Azərbaycan COP29-a sədrliyi dönəmində dünya enerji diplomatiyasını aktiv şəkildə formalaşdırır. Bu konteksdə, həm də BRICS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamları xüsusi vurğulayıb: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə hazırlıq prosesini uğurla keçməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Tədbir zamanı qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxunan Ölkə başçısı cənab İlham Əliyev bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Eyni zamanda, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynadığını, bölgədəki münaqişələrin həlli üçün konstruktiv yanaşmalar sərgilədiyini bildirən Ölkə Prezidenti bu cür tədbirlərin yalnız ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda, qlobal müstəvidə sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi üçün də vacib olduğunu diqqətə çatdırdı.

Bütün bu amillər Azərbaycanın BRICS üçün önəmini xüsusilə artırır. Bu baxımdan, Azərbaycan-BRICS tərəfdaşlığı yaxın perspektivdə daha da güclənəcək.

 

Rəşad SADIQOV,

s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search