Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova və fakültə əməkdaşları, eləcə də Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə fəal tələbələri şəhid Hüseyn Tağıyevin ailə üzvlərini ziyarət ediblər.
Görüş zamanı yaxınları ilə birgə şəhidin döyüş yolu və onunla bağlı xatirələr yad edilib. Ziyarətçilər şəhidin ruhuna ehtiramlarını ifadə edib, şəhidlərin əziz xatirəsinin daim qəlbimizdə yaşadığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün başlanan Vətən müharibəsində fəallıqla iştirak edib. Füzuli istiqamətində gedən döyüşlər zamanı rayonun Alxanlı kəndinin azad olunması əməliyyatında qəhrəmancasına şəhid olan H.Tağıyev II Şəhidlər Xiyabanında dəfn olunub.