Previous Next

8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Hörmətli həmkarlar, əziz tələbələr!

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar günlər xalqımızın şərəfli mübarizəsi, qəhrəmanlığı və sıx birliyinin, müstəqil dövlətçiliyimizin rəmzi kimi tariximizə əbədi həkk olunmuşdur.

8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlının qürur mənbəyidir. 2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zərgər dəqiqliyi ilə planlaşdırılmış hərbi idarəçilik və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində yekunlaşdı. Ordumuz qısa müddət ərzində dünya hərb tarixinə qızıl hərflərlə yazılmış döyüş peşəkarlığı göstərərək tarixi ədaləti bərpa etdi, 30 il düşmən tapdağı altında qalmış müqəddəs vətən torpaqlarını azadlığa qovuşdurdu. Bu tarixi qələbənin təməlində uzunmüddətli uğurlu hərbi quruculuq, hərtərəfli düşünülmüş məqsədyönlü siyasi gedişlər dayanır. 

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev respublikamıza rəhbərlik etməyə başladığı gündən etibarən dövlətimizin siyasi və iqtisadi azadlığının mökəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi ilə yanaşı, ərazi bütövlüyü və suverenliyimizin bərpasını, düşmən işğalı altında olan torpaqlarımızın geri qaytarılmasını həm özünün müqəddəs amalı, həm də dövlət və xalqımız qarşısında şərəfli missiyası kimi müəyyən etmişdi. Məhz Ali Baş Komandanın həmin vəzifələri uğurla həyata keçirməsi sayəsində belə möhtəşəm zəfəri qazanmaq xalqımıza nəsib oldu. Bu Zəfər müdrik Lider, qətiyyətli Komandan və Xalqın birliyindən yaranan “dəmir yumruğ”un gücü və qüdrətinin göstəricisi idi. 

Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində qədim şəhərimiz Şuşanın azad olunduğu xəbərini elan edərkən vurğuladığl kimi, ərazilərimizin azad edilməsi və Şuşanın qaytarılması ilə eyni zamanda Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. 2023-cü ildə Qarabağda keçirilən lokal antiterror əməliyyatları ilə dövlətimizin suverenliyi və ərazi bütövlüyümüzün tam təmin edilməsi isə bu Zəfər yolunun kulminasiya nöqtəsi oldu.  

Möhtəşəm Zəfər və müstəqil dövlətimizin rəmzi – Dövlət Bayrağımız həmişə qoşa xatırlanır. 9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə təntənə ilə qeyd olunur. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli dövlət bayrağı xalqımızın daimi qürur mənbəyi, şanlı istiqlal tariximizin təcəssümüdür. Parlaq Zəfər nəticəsində bu gün əzəli şəhərlərimiz olan Xankəndi, Şuşa, Xocalı və Ağdərədə, işğaldan azad edilmiş digər bölgələrimizdə ucaldılan şanlı Azərbaycan bayrağı bununla ən müqəddəs ali  funksiyasını yerinə yetirir – Vətənimizin bütün ərazilərində xalqımızın yenilməz iradəsinin simvolu kimi vüqarla dalğalanır.

Hörmətli həmkarlar və gələcəyin müəllimləri!

Bu böyük Zəfəri bizə bəxş edən, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir, qazilərimizə şəfa diləyirəm.

Qeyd etmək lazımdır ki, tarix yazan bu qəhrəmanların içərisində Pedaqoji Universitetin məzun və tələbələri də şərəfli yer alırlar. Vətən müharibəsində və ondan sonrakı əməliyyatlar zamanı ADPU-nun 200 nəfərədək tələbə və məzunu iştirak edib. Onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin xatirəsinin uca tutulması və ailələrinin diqqətdə saxlanılması daim universitetimizin qarşısında duran nəcib məsələlərdəndir. 

Bir daha hər birinizi tariximizin qızıl səhifələrinə yazılmış bu bayram günləri  münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın tərəqqisi və vətənpərvər gənc nəsillərin yetişdirilməsi kimi məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search