Previous Next

ADPU əməkdaşları Zəfər Gününü şəhid tələbə və məzunların ailələri ilə keçiriblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctiamiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkadaşları Zəfər Günündə ADPU-nun məzunu olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, yeni çapdan çıxmış “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabını şəhid ailələrinə təqdim ediblər.

Şöbənin əməkdaşı Məhəmmməd İsrayılzadə Qəbələ rayonunun Tüntül kəndində şəhid Tapdıq Ağayevin ailəsini ziyarət edib. M.İsrayılzadə Pedaqoji Universitet ailəsi adından şəhidin ailə üzvlərinə Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, bu möhtəşəm zəfərin memarlarından olan şəhidin ruhuna ehtiram ifadə edib. Diqqətə çatdırılıb ki, Tapdığın timsalında bütün şəhid tələbə və məzunların xatirələrinin əbədiləşdirilməsi ADPU rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.

Daha sonra içərisində Tapdıq haqqında məlumatların da yer aldığı “Zəfərnamə (ADPU-nun qəhrəmanları”) kitabı şəhidin yaxınlarına təqdim edilib. Görüş əsnasında şəhidin atası Çingiz Ağayev və bacısı Tapdıq haqqında xatirələrini bölüşüb, şəhidin adına yaradılmış xatirə muzeyi ilə tanışlıq baş tutub.

Sonda şəhidin məzarı ziyarət edilib.

Qeyd edək ki, Ağayev Tapdıq Çingiz oğlu 1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. Bakı Sənaye-Pedaqoji Texnikumunun (indiki ADPU-nun nəzdində ADPK) Hərbi və bədən tərbiyəsi müəllimliyi ixtisasında təhsil alıb. Bir müddət doğma rayonunda müəllim olaraq fəaliyyət göstərib. Bundan sonra yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq xidmət etməyə başlayıb.

44 günlük Vətən müharibəsinə ilk günlərindən qoşulan Tapdıq oktyabrın 8-də şəhidlik zirvəsinə yüksəlib. 22 gün neytral ərazidə qalan Tapdığın nəşi oktyabrın 30-da doğma kəndində dəfn edilib.

Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilib. T.Ağayevin dəfnindən 40 gün keçməmiş anası da dünyasını dəyişib. Şəhid Tapdıq Ağayev ailəli idi, bir övladı yadigar qalıb.

Şöbənin əməkdaşı Elvin Vahidov isə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində Vətən müharibəsi şəhidi, ADPU-nun məzunu Qoşqar Ömərovun ailəsini ziyarət edib. E.Vahidov universitet rəhbərliyi adından Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şəhid ailəsini təbrik edib, xalqımızın ərazi  bütövlüyü və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ədəbi yaşadacağını bildirib.

Görüş zamanı şəhidin ev muzeyi və məzarı ziyarət olunub, şəhidin atası Səxavət Ömərov və yaxınları Qoşqarın həyat hekayəsi və döyüş yolu barədə xatirələrini bölüşüblər. Görüş çərçivəsində Qoşqar haqqında məlumatların da əks olunduğu “Zəfərnamə (ADPU-nun qəhrəmanları”) kitabı ailəyə təqdim edilib.

Qeyd edək ki, Ömərov Qoşqar Səxavət oğlu 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində anadan olub. 2011-2015-ci illərdə ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alıb. 2018-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan Qoşqar 2020-ci ilə Vətən müharibəsinin ilk günlərindən Füzuli istiqamətində döyüşlərə qoşulub. Noyabrın 4-də Şuşanın Daşaltı kəndi ərafında gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Q.Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə ”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmçinin ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova filialın professor-müəllim heyəti ilə birgə filialın Vətən müharibəsində şəhid olmuş məzunları leytenant Orxan Nəbiyev və baş leytenant Elgün Əzizovun məzarlarını ziyarət edib, yaxınları ilə görüşüb. Görüş çərçivəsində dos. T.Yusifova “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabını şəhid ailələrinə təqdim edib.

Qeyd edək ki, Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2011-ci il məzunu, Vətən müharibəsi şəhidi baş leytenant Əzizov Elgün Elman oğlu  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  Eyni ixtisasın 2016-cı il məzunu olan şəhid leytenant Nəbiyev Orxan Rza oğlu ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “ Vətən uğrunda” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov və filailın əməkdaşları isə Oğuz rayonunun Xaçmaz kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Rəvan Lətifovun ailəsini ziyarət ediblər. Şəhidin anası Gültəkin Lətifova Rəvanın keçdiyi döyüş yolundan və təltiflərindən danışıb, Rəvana və Vətən müharibəsində həlak olmuş şəhidlərə həsr etdiyi şeir və hekayələri ilə qonaqları tanış edib. Şəhidin ailəsinə ehtiram və minnətdarlığını ifadə edən dos.V.Məmmədov “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabını Rəvanın ailəsinə təqdim edib.

Lətifov Rəvan Ömür oğlu Pedaqoji Universitetin “Təhsilin təşkili və idarə olunması” ixtisasının 2012-ci il  məzunudur, müharibədən əvvəl müəllim kimi fəaliyyət göstərib. Şəhid müəllim ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ADPU-nun Vətən müharibəsi və sonrakı dövrdə ümumilikdə 18 nəfər tələbə və məzunu şəhidlik zirvəsinə yüksəlib, yüzlərlə tələbə və məzun isə döyüşlərdə qəhrəmancasına savaşıb. Hazırda universitetdə 14 nəfər Vətən müharibəsi iştirakçısı təhsil alır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search