Previous Next

ADPU-da Respublika elmi konfransı: “Fizikanın aktual problemləri”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fizikanın aktual problemləri” Respublika elmi konfransı keçirilib. 

Konfransı giriş sözü açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov konfransın elmi-praktik əhəmiyyətindən və fizika elminin inkişaf istiqamətlərinin genişləndirilməsi baxımından vacibliyindən danışıb. Azərbaycanda fizika elminin inkişaf tarixi və azərbaycanlı alimlərin bu sahə üzrə dünya elminə verdiyi töfhələrdən danışan prof. A.Zamanov müasir dövrdə bu elmin inkişafı üçün atılan addımlar və mövcud problemlərin həlli istiqamətində həyata keçirilməli olan vacib tədbirləri diqqətə çatdırıb. 

Prorektor vurğulayıb ki, müasir dövrün tələblərinə cavab verən elmi texnologiyaların, cihaz və avadanlıqların ölkəmizə gətirilməsi və geniş praktik tətbiqinin həyata keçirilməsi qarşıda duran vacib məsələdir. Bəzi hallarda isə istifadə üçün müasir, yeni nəsil cihaz və avadanlıqlar gətirilsə də, bu texnologiyalardan istifadə edə bilən mütəxəssislər kifayət qədər deyil. Bu problemin aradan qaldırılması üçün yerli gənc mütəxəssislərin inkişaf etmiş və elmin inkişaf səviyyəsi ilə fərqlənən ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə keçmək üçün ezam edilmələri, daha sonra əldə etdikləri bilik və bacarıqları ölkəmizdə tətbiq etmələri xüsusi diqqətdə saxlanılmalıdır. 

A.Zamanov qeyd edib ki, hazırda elmlərarası tədqiqatların coğrafiyasının genişləndirilməsi də fizika sahəsində olduqca ciddi uğurların əldə edilməsinə səbəb ola bilər.

Çıxış edən ADPU-nun Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov bildirib ki, konfransa 130-dan çox məruzə təqdim edilib. Pedaqoji Universitetlə yanaşı Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Gəncə Dövlət Universitetinin də əməkdaşları konfransa məqalə təqdim ediblər.

Plenar iclasda professor Namiq Niftiyev “MnGa2S4 monokristalının elektrik keçiriciliyi”, Orxan Güləhmədov “Enhancing triboelectric nanogenerator performance using NYLON/MWCNT nanocomposites fabricated via spray coating method”, Səidə Zalova “Meylli maqnit sahəsində yarımkeçirici ifratqəfəsdə elektromaqnit şüalanmasının altzonalararası udulması”, dosent Oqtay Həsənov “Описание электронного учебного модуля «Физика атомного ядрa” mövzularında məruzə ilə çıxış ediblər. 

Sonra konfrans fəaliyyətini bölmə iclaslarında davam etdirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search