Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Turniri”nin final mərhələsi keçirilib. Turnir 44 günlük Vətən müharibəsi şahidlərinin xatirəsinə ithaf olunub.
36 komandada 210 nəfərdən çox tələbənin iştirakı ilə başlanan turnirin final mərhələsində 8 komanda 4 mərhələdə qalibiyyət üçün mübarizə aparıblar.
Gərgin mübarizə şəraitində keçən final mərhələsinin yekun nəticələrinə əsasən ilk 3 yerin qalibi olan komandalar diplom, medal və kubokla yanaşı, pul mükafatı ilə mükafatlandırılıblar. Digər komandalara isə yarışda iştirak etdikləri üçün diplom və sertifikatlar təqdim edilib.
Turnirin mükafatlandırma mərasimində iştirak edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qalibləri təbrik edib, gənclərin bu cür faydalı layihələrdə böyük maraq və fəallıqla iştirak etmələrinin çox sevindirici hal olduğunu qeyd edib. Gənclərin həm intellektual inkişaflarının dəstəklənməsi, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından belə layihələrin əhəmiyyətli olduğunu vurğulayan prorektor Pedaqoji Universitet tərəfindən tələbələrin bu kimi təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb.
Çıxış edən ADPU THİK sədri Cəmilə Qurbanova qalibləri təbrik edib və layihənin həyata keçirilməsində təşkilati dəstəyə görə Xəzər İntellektual Gənclər Birliyinin rəhbəri Azad Manaflıya təşəkkürünü çatdırıb.
Sonda turnirin təşkilində xüsusi fəallığı ilə seçilən könüllülərə sertifikatlar təqdim edilib.