Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi baş tutub. Universitetin Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan dərsin əvvəlində fakültənin iki qrupunun tələbələri Ulu Öndərin adını daşıyan muzeyə baş çəkiblər. Mərkəzin baş mütəxəssisi Aynurə Əsgərova tələbələri eksponatlarla tanış edib, burada nümayiş olunan fotoşəkillər, suvenirlər və arxiv sənədlərinin surətləri barədə ətraflı məlumat verib.
Heydər Əliyev Məktəbinin lektoriyasında davam edən dərsdə tələbələr əvvəlcə milli tariximizin 1969-2003-cü illəri əhatə edən dövrü barədə mühazirəni dinləyiblər. Növbəti hissədə dünya liderlərinin Ümummilli Liderlə bağlı söylədiyi fikirlər slayd şəklində təqdim olunub.
“Böyük lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmi izləyən filoloqlar daha sonra Ulu Öndərin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı sual-cavab sessiyasında və müzakirələrdə fəal iştirak ediblər.
Məlumat üçün bildirək ki, Heydər Əliyevin yüzillik yubileyi münasibəti ilə başlanan analoji fəaliyyət artıq üçüncü tədris ilidir ki, universitetin müxtəlif fakültə və qruplarında davam etdirilir.