Previous Next

Pedaqoji Universitetdə magistrantlar üçün COP29-a həsr olunmuş seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə magistrantlar və professor-müəllim heyəti üçün “Azərbaycanda COP29 tədbirinin uğurla təşkilinin beynəlxalq münasibətlər və ekoloji təhlükəsizlik kontekstində əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov seminarın Ekologiya və Təbii Sərvətlər Nazirliyi  (ETSN) yanında Milli Hidrometorologiya Xidmətinin (MHX) məsul şəxslərinin iştirakı ilə keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə və dəstəyə görə Xidmətin rəisi Nazim Mahmudova təşəkkür edib. Vurğulanıb ki, maarifləndirici mahiyyət daşıyan tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilib.

Sonra “COP29 – qlobal iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir” adlı videoçarx nümayiş etdirilib.

ETSN MHX-nın  Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov “COP29 və beynəlxalq münasibətlər sistemində ekoloji təhlükəsizlik məsələləri” mövzusunda geniş təqdimatla çıxış edərək iqlim dəyişmələrinin, istixana effekti yaradan qazların emissiyasının  artmasının və s. problemlərin dünyada, regionda və ölkəmizdə yaratdığı ekoloji problemlər haqqında məlumat verib. F.Hümbətov COP29-un Azərbaycanda keçirilməsinin və konfrans çərçivəsində qəbul olunan əhəmiyyətli qərarların ölkə rəhbərliyinin səmərəli xarici siyasəti, eləcə də ekoloji diplomatiyanın uğuru olduğunu qeyd edib və  konfransın tarixi əhəmiyyətindən bəhs edib.

Xidmətin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin baş məsləhətçisi Mehriban Mirzəli “COP29 Bakı Təşəbbüsü”, İqlim dəyişmələri mərkəzinin aparıcı mütəxəssisi Könül Cəfərova “İqlim dəyişmələri və gender” mövzusunda təqdimatla çıxış ediblər.

İnteraktiv formatda təşkil olunan tədbirdə MHX-nın əməkdaşları tərəfindən ölkəmizdə qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətləri, COP29-da əldə olunan nailiyyətlər, yaşıl iqtisadiyyata ədalətli keçid, müasir dünyada iqlim diplomatiyasının əsas çağırışları, Bakı Təşəbbüsünün mahiyyəti, iqlim dəyişmələrinin gender məsələlərinə təsiri və s. problemləri əhatə edən təqdimatla çıxışlar edilib.

Seminarın sonunda mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search