Previous Next

ADPU kollektivi "Nuhun izi ilə" filminin təqdimatında

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikanın 100 illik yubileyinə həsr olunmuş, tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Naxçıvanda lentə aldığı "Nuhun izi ilə" sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xalq artisti Gülyanaq Məmmədovanın ifasında "Naxçıvan şikəstəsi" səslənib.

Tədbiri açan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sənədli film haqqında məlumat verərək, Naxçıvan Muxtar Respublikanın 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsini böyük mədəni hadisə, filmi isə Naxçıvan tarixinin zənginliyini və qədimliyini əks etdirən dəyərli sənət nümunəsi adlandırıb.

Filmin ərsəyə gəlmə prosesi haqqında danışan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov bu əsərin Azərbaycan mədəniyyəti və tarixi baxımından əhəmiyyətindən danışıb.

Filmin rejissoru Mikael Silkeberq çıxış edərək dünya tarixinin, onu öyrənməyin vacibliyindən və bu mövzuda Naxçıvan torpağının qədim tarixinin önəmindən söz açıb. Rejissor qeyd edib ki, Naxçıvan dünya tarixində qədimliyi baxımından çox xüsusi önəm kəsb edir.

"Bu filmin ərsəyə gəlməsi mənim üçün çox vacib idi və ona görə də bu işdə mənə dəstək göstərən UNESCO-ya və Azərbaycan rəhbərliyinə dərin təşəkkürümü bildirirəm", - deyə rejissor əlavə edib.

Daha sonra film nümayiş olunub.

Xarici və yerli qonaqlar, ölkəmizin elm və mədəniyyət xadimlərinin qatıldıqları tədbirdə, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və professor-müəllim heyəti də iştirak ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search