“AzEdu.az” Təhsil Portalının təşkilatçılığı ilə Mətbuat Şurasında "Firidun bəy Köçərli" adına mükafatın təqdimat mərasimi keçirilib. Mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır. Hər il keçirilən bu müsabiqədə qaliblər peşəkar münsiflər heyəti tərəfindən seçilir və onlar xüsusi mükafatlarla təltif olunurlar. Təqdimat mərasimində “AzEdu.az” Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “AzEdu.az” Təhsil Portalının direktoru Tünzalə Abbasova və mükafata layiq görülən şəxslər iştirak ediblər.
Bu il "Firidun bəy Köçərli" adına mükafata Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, ADPU-nun kafedra müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəminə Zalova layiq görülüb.
Mükafata layiq görülən ADPU-nun kafedra müdiri, professor Fərrux Rüstəmov bununla bağlı təəssüratını bölüşüb: ”Bu mükafat Qərbi Azərbaycan təhsili sahəsində apardığım silsilə tədqiqatlara, xüsusilə “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022), “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” (2024) monoqrafiyalarıma görə verilib. Azərbaycan Mətbuat Şurasında bu mükafatın təqdim olunması olduqca təqdirəlayiq bir hadisədir. “Firidun bəy Köçərli” mükafatına layiq görüləcəyimdən xəbərsiz idim, bu səbəbdən də özümü çox sevincli hiss edirəm. Bu millətə və təhsilə xidmət etmək mənim üçün həm şərəf, həm də vəzifə borcudur. Əsas amalımız fəaliyyətimizi layiqincə yerinə yetirməkdir. Firidun bəy Köçərli həm Azərbaycanda, həm də Qərbi Azərbaycanda maarifçiliyin ən önəmli simalarından biri olub. Onun gördüyü işlər elə Azərbaycanın özü qədər dəyərlidir və başqa maarifçilərlə müqayisə olunmayacaq qədər böyükdür. Bu dəyərli mükafata layiq görüldüyüm üçün təşkilat komitəsinə minnətdarlığımı bildirirəm!".