Mart ayının 4-də ADA Universitetində keçirilən “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.
Dəyirmi masada aparılan müzakirələrdən sonra əldə olunan razılaşmalar çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstan Respublikasının aparıcı ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb.
Tədbir çərçivəsində Pedaqoji Universitetlə Qazax Dövlət Qızlar Pedaqoji Universiteti, Özbəkali Janibekov adına Cənubi Qazaxıstan Pedaqoji Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlığın başlanğıcı kimi martın 4-də ADPU-da Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin (KNWTTU) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə KNWTTU-nun rektoru professor Gulmira Qanay, Akademik məsələlər departamentinin əməkdaşı Kımbat Balajanova, eləcə də ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər. Görüş zamanı universitetlər arasında akademik proqramlar, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları geniş müzakirə olunub.
Martın 5-də isə universitetdə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin nümayəndə heyətləri ilə görüş keçirilib. Görüşdə Şərqi Qazaxıstan Universitetinin rektoru professor Tölegen Muxtar, Strategiya, beynəlxalq əməkdaşlıq və akkreditasiya şöbəsinin müdiri Dana Niqmanova, Keyfiyyətin təminatı və beynəlxalq əməkdaşlıq şöbəsinin direktor müavini Külubek Bağdatqalı, Peşəkar Təkmilləşdirmə Mərkəzinin müdiri Zhannel Bolatovna, doktorant Maratqızı Nazərke, Yessenov Universitetinin birinci vitse-prezidenti Kaiyrbek Makulov, Pedaqogika kafedrasının müdiri Aliya Janissenova, Biznes və hüquq fakültəsinin dekanı Rısgül Abilşeyeva, Yessenov Universiteti Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov və ADPU rəhbərliyi iştirak ediblər.
Görüşlər zamanı Qazaxıstan universitetlərinin nümayəndələri təhsil müəssisələrinin tarixi, akademik strukturu, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əlaqələri barədə təqdimatlar ediblər. Tərəflər akademik əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi konfrans və simpoziumların təşkili və müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması perspektivlərini müzakirə ediblər.
Görüşlər nəticəsində ADPU və Qazaxıstan universitetləri arasında elmi və akademik əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunub.
Səfər çərçivəsində qonaqlar ADPU-nun əsas binası, elektron kitabxanası, Heydər Əliyev muzeyi və Türkoloji Mərkəz ilə tanış olub, universitetin infrastrukturu və akademik imkanları haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, bu əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək, universitetlər arasında təhsil və elmi-tədqiqat sahələrində qarşılıqlı təcrübə mübadiləsini gücləndirəcək. ADPU-nun beynəlxalq əməkdaşlıq istiqamətində atdığı bu addım, universitetin qlobal elmi və akademik platformalarda mövqeyini gücləndirmək məqsədini daşıyır və gələcəkdə ortaq layihələrin, ikili diplom proqramlarının və beynəlxalq akademik təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradacaq.