Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi baş tutub. Budəfəki tədbirdə Kimya və biologiya fakültəsinin birinci tədris ili tələbələri iştirak edib.
Dərs Ulu Öndərin adını daşıyan muzeyə ekskursiya ilə başlayıb. Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aynurə Əsgərova tələbələrə muzeydə nümayiş olunan eksponat, şəkil və arxiv sənədlərinin surətləri barədə ətraflı məlumat verib. Daha sonra tədbir Heydər Əliyev Məktəbinin lektoriyasında Ümummilli Liderin Azərbaycan tarixindəki yeri və rolu haqqında mühazirə ilə davam edib. Qeyd olunub ki, H. Əliyev fitri istedadı və gərgin əməyi sayəsində istər təhsil illərində, istərsə də dövlət və partiya orqanlarında çalışdığı zaman ən yüksək nailiyyətlər qazana bilib. O, 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək Sovet İttifaqının 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev 1982-ci ildə SSRİ-nin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddətdə respublikada tüğyan edən xaos və anarxiyanın, etnik separatizm təzahürlərinin qarşısını alıb, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoyub. Beləliklə, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsindən qurtulub, həyata keçirilən kompleks islahatlar sayəsində davamlı sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub.
Ulu Öndərin fenomenal şəxsiyyətinə, çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə həsr olunmuş mühazirənin ardından müxtəlif dövlətlərin rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slayd nümayiş olunub.
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin izlənilməsindən sonra tələbələrin fəallığı ilə keçən son hissədə mövzu ətrafında qarşılıqlı sual-cavab və müzakirələr aparılıb.