Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilən “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi baş tutub.
Universitetin Tarix və coğrafiya fakültəsinin birinci kurs tələbələrinin iştirak etdiyi tədbir “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə ilə ilə başlanıb. Mühazirədə Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında danışılıb, 1969-2003-cü illər arasındakı böyük bir zaman kəsiyinin, bir qayda olaraq, “Heydər Əliyev dövrü” adlandırıldığı qeyd edilib.
Mühazirədən sonra dünyanın aparıcı dövlətlərinin (ABŞ, Türkiyə, Fransa, Böyük Britaniya, Rusiya) rəhbərlərinin Ulu Öndər haqqında söylədiyi fikirlərdən ibarət slaydlar nümayiş etdirilib.
Dərsin növbəti hissəsində mərkəzin əməkdaşı Tərlan Ağayev tələbələrə burada nümayiş olunan eksponatlar, arxiv materiallarının surətləri və fotoşəkillər haqqında məlumat verib. Mərkəzlə tanışlıq yekunlaşdıqdan sonra “film saatı” çərçivəsində dərsin iştirakçıları “Xəzər” televiziyası tərəfindən ekranlaşdırılan “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmə tamaşa ediblər.
Sonda məşğələ qarşılıqlı sual-cavab formasında davam edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.