Previous Next

Novruz və Ramazan bayramları münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Hörmətli həmkarlar, dəyərli tələbələr!

Sizi yenilik və təbiətin oyanışının rəmzi, xalqımızın qədim tarixi köklərə malik Novruz bayramı və İslam dininin müqəddəs Ramazan ayının başa çatması münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, tədris prosesində və şəxsi işlərinizdə bol uğur arzulayıram.

Tarixin dərinliklərindən gələn Novruz bayramı Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Orta Asiyanın bir çox xalqları üçün milli mədəni dəyərlərin qorunmasında mühüm rol oynamışdır. Bu bayram xalqımızın milli kimliyinin, mədəniyyəti və tarixinin ayrılmaz bir hissəsidir. Sovet hakimiyyəti illərində müəyyən qadağalara məruz qalsa da, xalqın yaddaşında daim yaşayan Novruz bayramının Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən dövlət səviy­yə­sində qeyd olunmasına qərar verildi. Bu gün müstəqil, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanda xalqımız sevimli bayramı böyük təntənə və qürur hissi ilə keçirir.

Hamımız üçün əziz olan Novruz və İslam dininin müqəddəs Ramazan bayramı insanları ruhən yeniliyə sövq etməsi, mənəvi-əxlaqi saflığa, xeyirxahlığa, birlik və həmrəyliyə səsləməsi, bəşər övladına ali keyfiyyətlər aşılaması ilə səciyyələnir. Tolerant, multikultural və demokratik dövlət olan Azərbaycanda bu mühitin formalaşmasında İslam dininin humanist dəyərlərinin rolu böyükdür. Bütün dinlərə hörmətlə yanaşan xalqımız öz adət-ənənələrini və dini ayinlərini də həssaslıqla qoruyub saxlayır, nəsildən-nəslə ötürür. Novruz və Ramazan bayramları bu milli mənəvi dəyərlər xəzinəsində özünə möhkəm yer tutur.

Bu günlərdə xalqımızın ən gözəl və müqəddəs bayramlarından ikisini qısa müddətdə ardıcıllıqla qeyd edirik. Bu bayramlar həm də Azərbaycanın zəfərlə tarix yazdığı, işğaldan azad edilmiş torpaqlarımızda, yeni həyatın qurulduğu bir dövrün müjdəçisi oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun yaratdığı yeni tarixi reallıqlar – ərazi bütövlüyümüzün təmin edilməsi, dövlət suverenliyinin tam bərpası nəticəsində başlanmış “Böyük qayıdış” prosesi çox uğurla davam etməkdədir. Bu gün minlərlə yurddaşımız illər sonra bu gözəl bayramları tarixi torpaqlarında, doğma yurd-yuvalarında qeyd edirlər. Uzun illərin ayrılığının başa çatması ilə bayram tonqalları Xankəndi şəhərində, Şuşa, Laçın, Xocalı, Ağdərədə və azad edilmiş başqa şəhər və kəndlərimizdə alovlanır, həmin torpaqlarımızda müqəd­dəs Ramazan duaları səslənir, şanlı bayrağımız qürurla dalğalanır. Bu tarixi günlərdə bir daha bu gözəl anların səbəbkarları olan şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edir, qəhrəman qazilərimizə şəfa diləyirik.

Əziz həmkarlar və tələbələr!  

Siz ölkəmizin gələcəyini quracaq, inkişafına və tərəqqisinə böyük töhfələr verəcəksiniz. Sabahın qurucu müəllimləri və ixtisaslı kadrları kimi yetişən bugünkü tələbələrimiz dərin bilik, rəqəmsal bacarıqlar, geniş dünyagörüşünə malik mütə­xəs­sis olmaqla yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlərin, vətənpərvərlik hisslərinin daşı­yıcısı olaraq cəmiyyətdə şərəfli yerlərini tutmalıdırlar. Hər birinizin daim səylə çalış­mağınız, özünüzü inkişaf etdirməyiniz və milli ruhda yetişməyiniz vacibdir. Qalib xalqın qalib övladları kimi vətənimizin tərəqqi və yüksəliş dolu gələcəyini qurmaq sizin müqəddəs missiyanızdır.

Pedaqoji Universitet olaraq, gənclərimizin daha hazırlıqlı və hərtərəfli yetiş­məsi üçün daim axtarışlar aparır və yeniliklər həyata keçiririk. Bu yaxınlarda qəbul olunmuş “ADPU 2030” Strateji İnkişaf Planı, bütün ixtisaslar üzrə yeni tədris proqramlarının hazırlanması prosesinə başlanması, institusional və proqram akkre­ditasiyası, yeni ixtisasların açılması, eləcə də tədrisin keyfiyyəti və maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində görülən ardıcıl işlər bu məqsədə xidmət edir. Sizinlə birgə yeni dövrün yeni nəsil müəllimlərini yetişdirmək yolunda əmin­liklə addımlayırıq.

Bu müqəddəs bayramlar münasibətilə hər birinizi bir daha təbrik edir, daim xoş ovqat, sülh və əmin-amanlıq dolu gələcək arzulayıram.

Bayramlarınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search