Previous Next

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəlidir. O, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməyib. Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir.

Zərifə xanım Əliyeva istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görməyi düşünürdü. Yüksək səviyyəli peşəkar alim kimi neçə-neçə insanın gözlərinə işıq verən, onları həyata qaytaran akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində bu işıqlı dünyaya gözünü yumaraq, əbədiyyətə qovuşdu.

Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi. Peşəsində qazandığı uğurlar da onun bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq, bir növ, onun həyat tərzinə çevrilmişdi. O, həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan, həm də, bu mərhəmət və şəfqətdir. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində, sözsüz ki, Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi. Odur ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.

Ped.ü.e.d., dosent Nailə HÜSEYNOVA,

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search