İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Şimali Karolina Dövlət Universitetinin (ŞKDU) nümayəndələri tərəfindən azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş “İngilis dilinin tədrisində mükəmməllik” təlimi keçirilmişdir.
Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.
Təlimi ADPU-nun rektoru professor Cəfər Cəfərov giriş sözü ilə açıb.
Təlimdə ŞKDU-nun üç əməkdaşı tərəfindən "İngilis dilinin tədrisində mükəmməllik" mövzusunda seminar keçirilmiş və 45 dəqiqəlik mühazirələr aparılmışdır. ŞKDU-nun Xarici dillər və ədəbiyyat fakültəsinin ingilis dili ikinci dil kimi kafedrasının müdiri Jillian Heseler “Birbaşa qarşılıqlı əlaqə və əməkdaşlıq vasitəsilə aktiv öyrənmə”, universitetin Proqram direktorunun köməkçisi Olqa Uzun “Nəzəriyyə və praktikada tənqidi düşüncə”, TESOL sertifikatı təlimçisi və Qlobal Təlim İnstitutunun akademik direktoru Paula Wilder “Bacarıqların inkişafını təşviq etmək üçün effektiv dil qiymətləndirilməsi” mövzusunda tədqimatla çıxış ediblər.
Tədbirdə ŞKDU-nun Qlobal Təlim Təşəbbüsü Proqramının mütəxəssisi Amanda Baker, ABŞ-nin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil İşləri üzrə müşaviri Riçard Pinkham və ABŞ-ın Azərbaycandakı Səfirliyinin təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova, eləcə də ingilis dilini tədris edən orta məktəb, ADPU və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak edib.