Cəfər Cəfərov – 65
Çağdaş tarixşünaslıq elmimizin görkəmli nümayəndəsi, elmi yaradıcılığı ilə ictimai-siyasi və pedaqoji fəaliyyətini məharətlə əlaqələndirməyi bacaran, müasir təhsil sistemində özünəməxsus yeri olan professor Cəfər Məmməd oğlu Cəfərovun anadan olmasının 65 ili tamam olur. Ölkənin elmi-pedaqoji ictimaiyyəti soydaşımızın mənalı və zəngin ömür yolunun uğurlarını xalqa layiqli xidmət örnəyi kimi qiymətləndirir.
1977-ci ildə Bakı şəhəri 158 nömrəli orta məktəbi bitirən soydaşımız Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. Əlaçı tələbə olan C.Cəfərov 1980-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə göndərilmişdir. 1983-cü ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirərək MDU-nun aspiranturasına daxil olan C.Cəfərov
1987-ci ildə dissertasiya işini vaxtından əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
C.Cəfərov Moskvada ali məktəbdə və aspiranturada oxuduğu illərdə yalnız təhsil və elmi-tədqiqatlarla kifayətlənməmiş, ictimai işlərdə də fəal iştirak edərək təşəbbüskarlığı və yüksək təşkilatçılığı ilə fərqlənmiş, azərbaycanlı tələbələrin problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində ardıcıl iş aparmışdır. O, Moskvanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlılardan ibarət Tələbə və Aspirantlar Şurasının sədr müavini seçilmiş, idarəçilik və liderlik keyfiyyətləri, işgüzarlığı, milli təəssübkeşliyi ilə yoldaşlarının dərin hörmətini qazanmışdır.
Moskvada qalıb işləməyə, karyera qurmağa imkanları olsa da, C.Cəfərov öz xalqına xidməti bütün gələcək imtiyazlardan üstün tutaraq 1987-ci ildə doğma Vətəninə qayıtmış, vaxtilə tələbəsi olduğu Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əmək fəaliyyətinə başlamış, 1994-cü ilə qədər kafedrada laborant, müəllim, baş müəllim, dosent və dekan müavini kimi müxtəlif vəzifələrdə çalışmışdır.
1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldıqda 34 yaşlı C.Cəfərov Gənclərlə iş üzrə baş idarənin rəisi vəzifəsinə təyin olunur. Burada çalışdığı müddətdə gənclərlə iş sahəsində dövlət siyasətinin formalaşdırılmasında, müvafiq qanunvericilik aktlarının və dövlət proqramlarının layihələrinin hazırlanmasında, istedadlı və yaradıcı gənclər üçün əlverişli şəraitin yaradılmasında, çoxsaylı gənclər təşkilatlarının fəaliyyətinin konstruktiv məcraya yönləndirilməsində yaxından iştirak etmişdir. Gənclər Təşkilatları Milli Şurasının, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın yaradılmasında da C.Cəfərovun xüsusi rolu olmuşdur. Həmin illərdə müxtəlif təşkilatlarda təmsil olunan gənclər bu gün də Cəfər müəllimə böyük hörmətlə yanaşır, onun xidmətlərini dərin minnətdarlıq hissi ilə qeyd edirlər.
1997-ci ildə Azərbaycan Hökuməti ilə BMT İnkişaf Proqramı arasında ölkədəki qeyri-hökumət təşkilatlarının institusional inkişafını hədəfləyən layihə imzalanır. Gənclər və İdman Nazirliyində çalışdığı müddətdə gənclər təşkilatları ilə iş sahəsində böyük təcrübə toplamış C.Cəfərov həmin layihənin Azərbaycan hökuməti tərəfindən milli koordinatoru təyin olunur. 2003-cü ilədək davam edən layihə çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi, onun regional (Quba, Qəbələ, Şəmkir, Bərdə, Şirvan və s.) bölmələri yaradılır, Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu kimi geniş tərkibli konfederativ qurum təsis olunur. Milli və dövlətçilik maraqlarını üstün tutan, cəmiyyət üçün faydalı işlər görən, zərərli xarici təsirlərdən uzaq olan ictimai birlik və fondlar yaxından dəstəklənir, QHT sektorunda ön mövqelərə çıxırlar. Bu baxımdan, mübaliğəsiz demək olar ki, Azərbaycanda üçüncü sektorun formalaşmasında və inkişafında Cəfər müəllimin danılmaz xidmətləri vardır.
Layihə çərçivəsində öyrənilən xarici təcrübəyə əsasən 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi vətəndaş cəmiyyətinin inkişafı tarixində mühüm hadisə olmuşdur.
Qeyd edilən layihənin koordinatoru olmaqla yanaşı, C.Cəfərov 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində də çalışmış, BMT-nin mərkəzi qərargahında “Elektron hökumət” layihəsinin icraçılarından biri olmuşdur.
C.Cəfərovun yüksək təşkilatçılıq keyfiyyətləri, prinsipiallığı, işgüzarlığı, yeniliyə və təşəbbüskarlığa münbit şərait yaratması ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yenicə yaradılmış, ölkəmizdə turizm sahəsində yeganə dövlət təhsil, tədqiqat və təlim mərkəzi kimi ixtisaslaşan Azərbaycan Turizm İnstitutunun (2014-cü ildən Turizm və Menecment Universiteti) rektoru vəzifəsinə təyin olunur. Cəfər müəllimin səyləri nəticəsində institutda qısa müddətdə sağlam və şəffaf daxili mühit, ciddi nizam-intizama malik olan keyfiyyətli tədris sistemi formalaşır, ali məktəb innovativ ideya və təşəbbüslərə açıq olan, yüksəkreytinqli təhsil müəssisəsinə çevrilir.
C.Cəfərov fəaliyyətinin ilk günlərindən təhsil sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm vermişdir. Belə ki, 2007-ci ildə ölkənin təhsil tarixində ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutu (ATİ) və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə akademik ikili diplom müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə, tələbələr bir il ATİ-də milli proqram, üç tədris ili ərzində isə ingilis dilində beynəlxalq proqram üzrə təhsil alır və hər iki ali təhsil müəssisəsinin diplomlarını əldə edirdilər. Həmin diplomlara yiyələnmiş məzunlara dünyanın istənilən ölkəsində nüfuzlu turizm müəssisələrində çalışmaq imkanı verilirdi. Bu gün də bu proqramı başa vuran yüzlərlə məzun istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərir.
Bakalavr səviyyəsində davam edən əməkdaşlığa əsaslanaraq, 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin iştirakı ilə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanmış, bununla da müvafiq proqram artıq həm də magistratura piləsində tətbiq olunmağa başlamışdır.
C.Cəfərovun təşəbbüsü ilə ATİ 2007-ci ildən etibarən Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının qalibi kimi fəal şəkildə mübadilə proqramlarına qoşulmuşdur. İnstitutun tələbə və müəllimləri proqram çərçivəsində Böyük Britaniya, İtaliya, Yunanıstan, Portuqaliya, Latviya, Fransa və Bolqarıstanın ali təhsil müəssisələrində müxtəlif müddətli tədris, ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak etmişlər. İsrailin, Türkiyənin, Almaniyanın müvafiq turizm təşkilatları ilə əldə edilmiş razılıqlara əsasən ATİ-nin tələbələri 2008-ci ildən başlayaraq yay istehsalat təcrübələrini həmin ölkələrin qabaqcıl turizm müəssisələrində keçmək imkanı qazanmışlar.
İnkişaf etməkdə olan turizm sektorunun peşəkar xidməti personalla təmin edilməsi yönündə aparılan işlər nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2011-ci il tarixli, 192 nömrəli Qərarı ilə ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin bazasında ATİ nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılmışdır. Bu gün də fəaliyyətini uğurla davam etdirən məktəb ölkənin turizm sektorunun peşəkar personal xidməti ilə təmin edilməsinə öz dəyərli töhfəsini verməkdədir.
Respublikamızda yeni istiqamət olan turizmi elmi-nəzəri cəhətdən daha da inkişaf etdirmək üçün Cəfər müəllim beynəlxalq turizm və təhsil yönümlü təşkilatlara üzv olmağa, onlarla sıx iş birliyi qurmağa xüsusi önəm vermişdir. 2011-ci ildə Azərbaycan Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvü" seçilmiş və ÜTT-nin təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyə başlamışdır. ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiyasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası və bir sıra digər beynəlxalq qurumlara üzv olmuşdur.
10 il ATİ-yə uğurla rəhbərlik edən professor C. Cəfərov Prezident İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə ölkənin ən qocaman, çoxsaylı kontingentə və geniş şəbəkəyə malik ali məktəblərindən birinə – Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) rektor təyin olunur.
C.Cəfərovun rəhbərliyi ilə universitet Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması və onun 5 filialının ADPU-nun filiallarına çevrilməsi prosesini uğurla tamamlamış, işçi heyətinin attestasiyasını keçirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli Qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilərək ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstəməyə başlamış, Azərbaycan Respublikası təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb Pedaqoji Universitetin baza məktəbi kimi öz iş ahənginə qovuşmuşdur. 2016-2017-ci illərdə həyata keçirilmiş islahatlar, strateji planlaşdırma ilə bağlı aparılmış tədqiqatlar əsasında 100 illik yubileyədək dövrü əhatə edən “ADPU-2021” Strateji İnkişaf Planı işlənib hazırlanmış və Elmi Şuranın 14 sentyabr 2018-ci il tarixli iclasında təsdiq edilmişdir. Strateji İnkişaf Planında tədris və ümumi idarəçilik üzrə 102, elm və innovasiyalar üzrə 65, beynəlxalq əlaqələr və inkişaf sahəsi üzrə 34, inzibati və iqtisadi sahələr üzrə 32, sosial və humanitar sahələr üzrə 31 olmaqla, cəmi 264 bənddən ibarət tədbirlər nəzərdə tutulmuşdur. Universitetin bütün struktur bölmələri bu işlərin icrasına birbaşa məsul və köməkçi qurumlar kimi cəlb edilmişdir.
2016-2025-ci illər ərzində ADPU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, məzmunun yenilənməsi, professor-müəllim heyətinin səriştəsinin və tələbə məmnunluğunun artırılması, müəllimlərin işə qəbulu üzrə imtahanlarda məzunların nəticələrinin yüksəldilməsi, yeni magistr proqramlarının açılması, SABAH qruplarının genişləndirilməsi, SABAH magistratura proqramının və eksperimental qrupların yaradılması, yeni innovativ layihələrin reallaşdırılması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetməsi” üzrə ikili diplom magistr proqramının həyata keçirilməsi, yeni nəsil təhsil proqramlarının tətbiqi, professor-müəllim heyətinin performans qiymətləndirmə sisteminə keçirilməsi, əməkdaşlarının yaş tərkibinin tənzimlənməsi, gənc alimlərin irəli çəkilməsi və s. istiqamətlərdə effektiv tədbirlər görülmüşdür.
2010-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi, 2013-cü ildə professor elmi adı alan Cəfər müəllimin bu şərəfli və məsuliyyətli vəzifəni yüksək səviyyədə icra etməsinə, təbii ki, heç kimin şübhəsi olmamışdır. Çünki onun iş üslubunda islahatlara, yeniliyə, təşəbbüskarlığa, modernləşməyə, şəffaflığa və mütərəqqi düşüncələrə geniş yer verilir. Cəfər müəllimin hədəflərində dövlətin və cəmiyyətin tələbatına uyğun yüksəkixtisaslı kadrlar hazırlamaqla yanaşı, müasir dünyagörüşünə malik, Vətənini və xalqını sevən vətənpərvər ruhlu gənclər yetişdirməkdə əsas məsələlərdən biri kimi dayanır. Bu məqsədlə Pedaqoji Universitetdə çoxsaylı konfranslar, seminarlar, beynəlxalq tədbirlər və görüşlər keçirilir, ən son yeniliklərin, pedaqoji nailiyyətlərin geniş müzakirəsi təşkil edilərək tədrisin səmərələşdirilməsi istiqamətində daim axtarışlar aparılır.
Son dövrlərdə ADPU-da həyata keçirilən islahatlar, yazılı və hibrid imtahan sistemlərinin tətbiqi, tədris proqramlarının daim yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi, praktik-laborator imkanların artırılması həm qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin universitetə cəlb olunmalarında, həm də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında məzunların yüksək nəticələr əldə etmələrində həlledici rol oynamışdır. Məmnunluq hissi ilə qeyd etmək olar ki, 2023/2024-cü tədris ili üzrə ADPU-dan məzun olan 2317 bakalavrdan 812 nəfəri Azərbaycanda, 72 nəfəri xaricdə magistraturaya qəbul olunub. 1063 məzun MİQ imtahanlarında iştirak edib ki, bunlardan 984 nəfəri müsabiqə mərhələsində iştirak etmək hüququ qazanıb, 551 nəfəri isə dövlət ümumtəhsil müəssisələrində işlə təmin edilib. Məzunlardan 142 nəfəri dövlət orqanlarında, 308 nəfəri isə özəl təhsil müəssisələrində işə qəbul olunub. Pedaqoji Universitetin 2024-cü ildə əmək bazarına çıxmış məzunlarının məşğulluğu 83,7 faiz, işləyən məzunların ixtisas üzrə məşğulluğu isə 85,8 faiz təşkil edib.
Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdim etdiyi məlumatlara görə, ADPU məzunların işlə təmin olunması üzrə ölkə universitetləri arasında öncül yerlərdədir. Belə ki, 2018-2021-ci illər üzrə məzunların işlə təmin olunmasının ümumi orta statistikasına görə, ADPU ali təhsil müəssisələri arasında 4-cü yeri tutub. Həmçinin 2023-cü il ərzində Dövlət İmtahan Mərkəzinin dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə keçirdiyi test imtahanlarında sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən ADPU yenə də dördüncü yerdə qərarlaşıb. Qeyd olunan nəticələri əldə etmək sırf pedaqoji kadr hazırlığı üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi üçün ciddi uğur hesab oluna bilər.
C.Cəfərovun diqqət yetirdiyi ən mühüm məsələlərdən biri də professor-müəllim heyətinin elmi-tədqiqatlarının nəticələrinin beynəlxalq elmmetrik bazalarda indekslənən nüfuzlu jurnallarda dərc olunmasını daha da artırmaq, universitetin beynəlxalq reytinqlərdə layiqli yer tutmasına nail olmaqdır. Bu məqsədlə Pedaqoji Universitetdə, onun bütün filiallarında və kollecdə professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi sistemi tətbiq olunur, aparılan tədqiqatlara, onların nəticələrinin nüfuzlu və impakt faktorlu jurnallarda dərcinə görə əməkdaşların əməkhaqqına stimullaşdırıcı əlavələr ödənilir. Bütün bunların nəticəsidir ki, ADPU 2016-2018-ci illərdə elm sahəsindəki uğurlarına görə “Web of Science” elmi bazasının “Ən mütərəqqi Universitet” mükafatına layiq görülüb. 2019-2023-cü illərdə “Web of Science” elmmetrik bazasında ən çox elmi işi dərc olunan ali təhsil müəssisələri arasında ADPU-nun 4-cü yerdə olması da kifayət qədər qürurvericidir.
Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il 1 nömrəli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti 5 il müddətinə akkreditasiya olunmuşdur.
ADPU qarşıdakı 5 ildə “Ənənələrə sadiq, yeniliklərə açıq” devizi ilə yüksək keyfiyyətli təhsil ocağına, idarəetmədə, tədris və elmi araşdırmalarda rəqəmsallaşdırmanı və beynəlmilləşməni geniş tətbiq edən, sosial məsuliyyətliliyi yüksəldən, çevik və dayanıqlı tədqiqat universitetinə çevrilməyi hədəfləyir.
Ümumiyyətlə, son dövrlərdə universitetin əldə etdiyi nailiyyətləri nəzərdən keçirərkən rektor C.Cəfərovun islahatçı, fədakar, nümunə götürüləcək, Vətənini və millətini sevən dəyərli bir təhsil qurucusu, ziyalı olduğu aydın görünür. Dövlətimiz tərəfindən Cəfər müəlimin əməyi yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni və bir sıra medallarla təltif olunmuşdur.
100 illik yubileyini arxada qoymuş, ciddi islahatlarla yeni uğurlara doğru gedən ADPU dünyada və ölkədə baş verən prosesləri, davamlı inkişaf məqsədlərini, rəqəmsallaşmanı, beynəlmiləlləşdirmə tendensiyalarını, rəqabətliliyi, Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsini, dövlət suverenliyinin tam bərqərar olunmasını nəzərə alaraq gənc nəslin təhsil və tərbiyəsini əsas vəzifə kimi hədəfləmişdir. Bu tarixi missiya ölkədə pedaqoji kadr hazırlığının 35 faizini həyata keçirən Azərbaycan Dövlət Pedaqoji Universitetində, onun 5 filialında və nəzdindəki Pedaqoji Kollecdə uğurla reallaşdırılır.
Belə şərəfli missiyanın daşıyıcısı olan professor Cəfər Cəfərovu 65 illik yubileyi münasibətilə təbrik edir, çətin və məsuliyyətli işində ona yeni nailiyyətlər arzulayırıq.
Rafail ƏHMƏDLİ,
fəlsəfə elmləri doktoru, professor
"Xalq qəzeti", № 74 (30768) 16 aprel 2025-ci il, çərşənbə, səh. 12
https://xalqqazeti.az/az/sosial-heyat/221975-gorkemli-alim-islahatci-tehsil-qurucusu
https://xalqqazeti.az/uploads/pdf-files/148693/xalqqazeti-16.04.2025.pdf