Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasının magistrantları Bakı şəhəri general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə olublar. Görüşdə təhsil idarəetməsi üzrə məktəb rəhbərliyi ilə müzakirələr aparılıb.
Tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov giriş sözü ilə çıxış edərək görüşün məqsədi və əhəmiyyətindən danışdı. O, ali və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin təhsil sistemində idarəetmə təcrübələrinin mübadiləsi baxımından mühüm rol oynadığını vurğuladı.
Prof. A.Zamanov, eyni zamanda, rəhbərlik etdiyi Təhsil menecmenti kafedrasının fəaliyyəti, yaranma tarixi və hazırda bu istiqamət üzrə təhsil alan magistrantlar haqqında da ətraflı məlumat verdi. O qeyd etdi ki, kafedranın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, strateji düşüncəyə malik təhsil rəhbərlərinin yetişdirilməsidir.
Direktor, tarix üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva rəhbərlik etdiyi məktəbdə təhsil prosesinin keyfiyyəti, məzunların nailiyyətləri və məktəbin ümumi inkişaf istiqamətləri barədə məlumat verərək, məktəbin təhsil sahəsində əldə etdiyi uğurları və davamlı inkişafı təmin etmək üçün apardığı ardıcıl islahatlar haqqında danışıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əliyeva, öz sahəsi üzrə təcrübələrini bölüşərək məktəbdə təhsil və tərbiyə məsələlərinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Səfurə İbrahimli isə təhsil müəssisələrində qarşıya çıxan müəyyən risklər və problemlər, eləcə də onların həlli yolları barədə danışıb.
Sonda magistrantlar onları maraqlandıran sualları səsləndirib, qarşılıqlı müzakirələr aparılıb.
Bu fikir mübadiləsi, həmçinin təhsil sahəsində müxtəlif təcrübələrin paylaşılması, gələcəkdə daha səmərəli əməkdaşlıqların qurulmasına, təhsil sahəsində elmi-praktiki əlaqələrin gücləndirilməsinə imkan yaradacaq.