Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin tarixi qədim və zəngindir. Hələ 1918-ci ildə hər iki xalq müstəqil dövlətlərini yaratmış və onlar arasında siyasi-diplomatik münasibətlər qurulmuşdu. Eləcə də sovet illərində Azərbaycanla Gürcüstan arasında dərin iqtisadi və mədəni əlaqələr mövcud olmuş, hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır.
Müstəqillik illərində isə əlaqələr tarixi təməllərə, o cümlədən iki xalq arasındakı dostluğa əsaslanaraq tamamilə yenidən formalaşmışdır. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra münasibətlər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin səfər zamanı Azərbaycanla Gürcüstan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə isə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılmışdır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıqlar isə əlaqələri daha da möhkəmləndirmişdir.
Azərbaycan-Gürcüstan münasibətləri sonrakı dövrdə bütün istiqamətlər üzrə dinamik şəkildə davam etdirilərək dövlətlərarası əlaqələrdə nümunə göstəriləcək səviyyəyə çatmış və həm də strateji məzmun almışdır. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Azərbaycan-Gürcüstan əlaqələrini tamamilə yeni mərhələyə yüksəltmişdir. Bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmi yolu xətti kimi polad infrastrukturlar Azərbaycanla Gürcüstanı eyni siyasi və iqtisadi maraqlar ətrafında birləşdirir.
Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən birgə bəyanat, dövlətlərimiz arasında strateji xarakter daşıyan münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu.
Bu səfər, eyni zamanda, dəyişən regional və qlobal geosiyasi kontekstdə, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və təhlükəsizlik meyarlarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı cənab İlham Əliyevin Gürcüstan Prezidentinin rəsmi səfəri zamanı mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz və nəqliyyat layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı çox doğru və haqlı olaraq qeyd etdi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Eyni zamanda Azərbaycanın və Gürcüstanın həyata keçirdiyi nəqliyyat layihələri, yaradılan infrastrukturlar cənab Prezidentin bildirdiyi kimi Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycanla Gürcüstanı ortaq maraqlar ətrafında birləşdirən digər amil sülh və təhlükəsizliklə bağlıdır. Belə ki, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar edilməsi daim iki dövlətin maraq dairəsində olan məsələ kimi özünü göstərir.
Bir sözlə, bugünkü reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan Avrasiyanın enerji və nəqliyyat xəritəsini formalaşdıran iki əsas strateji mərkəzdir. Hər iki ölkə öz siyasətini milli maraqlara əsasən müəyyənləşdirir. Bu isə onları regionun sabitlik sütununa çevirir. Azərbaycanın Gürcüstan vasitəsilə Avropaya açılan pəncərəsi siyasi iradənin, strateji baxışın və ortaq gələcək arzusunun simvoludur.
Arzu DAŞDƏMİROV,
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim