Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq çərçivəsində “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilib.
Təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, universitetin professor-müəllim heyəti, eləcə də Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universiteti, Fərqanə Dövlət Universiteti, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti, Andijan Dövlət Pedaqoji Universiteti, Alfraganus Universiteti və Kazan (Volqa) Federal Universitetindən olan professor-müəllim heyəti iştirak edib.
Qeyd edək ki, "Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü" adlı antologiya cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti, universitetdə fəaliyyət göstərən Türkoloji Mərkəz və Cizzak Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı əsasında hazırlanaraq çap olunub. Azərbaycan və türk dilində hazırlanmış antologiyaya Özbəkistan və Azərbaycandan filologiya və pedaqogika sahələrində çalışan yüksəkixtisaslı alimlərin qısa avtobioqrafiyaları və elmi məqalələri daxil edilib. Kitabın ön sözü Cizzax Dövlət Pedaqoji Universitetinin rektoru professor Şövkət Şərifov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya aiddir.
Filologiya və pedaqogika mütəxəssisləri üçün unikal hədiyyə olan və tərkibində 88 elmi məqalə yer alan bu antologiya tədqiqat aparan dilçilər, ədəbiyyatşünaslar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub. Azərbaycan və Özbəkistan arasındakı dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin gücləndirməyə xidmət edən, elmi-praktik çalışmalardan biri olan antologiya bütün türk dünyasının oxucuları üçün faydalı mənbədir.