Previous Next

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir

Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirib, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib. Son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərimizdə ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı kimi tanınmasının göstəricisidir.

            Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı keçirilən konfransı ilə bağlı, ilk növbədə qeyd olunmalıdır ki, bu təsisatın 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən XVIII Zirvə görüşündə dövlət və hökumət başçıları tərəfindən təşkilatın parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirmək və dərinləşdirmək qərara alınıb. Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. İndiki Bakı konfransında isə Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunub.

            İyunun 30-da Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, həmçinin, bu qurumun üzv ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsini reallaşdıran əhəmiyyətli bir platforma kimi tanındığını da diqqətə çatdırıb.

            Ölkə rəhbəri, eyni zamanda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycan tərəfindən irəli sürülən və dəstək qazanan yeganə ideya olmadığını qeyd edib: “Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır”.

            Ölkəmizin hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyinin şahidi olduğunu bildirdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Çünki Azərbaycan ötən müddətdə üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edib və hazırda da bu cür səmərəli fəaliyyətini həyata keçirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etməsi bunun bariz ifadəsidir. Vətən müharibəsində əldə edilən parlaq tarixi qələbə Qoşulmama Hərəkatına bütün üzv dövlətlər tərəfindən ölkəmizə olan hörməti daha da artırdı.

            Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olundu və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

            Azərbaycan 30 il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas oyunçusuna çevrildiyini sübut etməkdədir. Bu baxımdan, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşulmama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsir gücünü artırmaqda davam edir və dünya ölkələrini sülhün, əməkdaşlığın, təhlükəsizliyin təmin olunmasına sövq edir.

Elnarə Mehbaliyeva - ADPU-nun kimya və biologiya fakültəsinin dekanı, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search