Previous Next

ADPU-nun Şamaxı filialında “Açıq qapı” günü keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında aprel ayı ərzində silsilə “Açıq qapı” günləri təşkil edilib. “Açıq qapı” gününün budəfəki qonağı Şamaxı Avropa Liseyinin yuxarı sinif şagirdləri olub. Tədbirin əsas məqsədi ali təhsil müəssisəsinə maraq göstərən yuxarı sinif şagirdlərini universitet həyatı və tədris prosesi ilə daha yaxından tanış etmək, onlara düzgün karyera seçimi istiqamətində dəstək olmaqdır.

İştirakçılar ilk olaraq filialın inzibati və tədris binalarına baş çəkərək, fakültə və kafedraların fəaliyyəti, tədris auditoriyaları, kompüter otaqları, kitabxana, laboratoriyalar və digər zəruri maddi-texniki baza ilə tanış olublar. Onlara filialın təhsil imkanları, akademik mühit, müasir tədris metodları və elektron təhsil sistemləri haqqında ətraflı məlumat verilib.

Tanışlıq turundan sonra tədbir Heydər Əliyev lektoriyasında davam edib. Görüşü giriş sözü ilə açan filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova “Açıq qapı” günlərinin filialda artıq ənənəyə çevrildiyini qeyd edib. O, bildirib ki, ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi olaraq, bu sahədə mühüm rol oynayır. Filialın məzunları bu gün müxtəlif sahələrdə uğurla çalışır və universiteti qürurla təmsil edirlər. Sevindirici haldır ki, filiala yüksək balla daxil olan abituriyentlərin sayı ildən-ilə artır, bu isə təhsil müəssisəsinə olan inam və marağın göstəricisidir.

Görüş zamanı iştirakçılara filialın fəaliyyəti, əldə olunan uğurlar və həyata keçirilən layihələri əhatə edən və tədris, elmi-tədqiqat, ictimai və mədəni fəaliyyətlər, tələbə həyatı və beynəlxalq əməkdaşlıqlarla bağlı əsas uğurların əks olunduğu videoçarx nümayiş etdirilib.

Tədbirin davamında şagirdlər filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tələbə təşkilatlarının fəaliyyəti, yaradıcılıq dərnəkləri, könüllülük proqramları və filialın respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı barədə məlumatlandırılıblar. Bildirilib ki, ADPU-nun Şamaxı filialı tələbələrin yalnız akademik deyil, həm də ictimai və şəxsi inkişafına xüsusi önəm verir.

Tədbirin sonunda Şamaxı Avropa Liseyinin əməkdaşları “Açıq qapı” gününün təşkilinə görə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin şagirdlərin ixtisas və universitet seçiminə müsbət təsir göstərdiyini vurğulayıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search