Mayın 4-də “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün finalçıları üçün “Layihələrin hazırlanması və idarə olunması” mövzusunda təlim təşkil olunub.
Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru, layihələrin idarə olunması üzrə mütəxəssis, dosent Eldar Alsanovun təqdimatında “MS Teams” platforması üzərində onlayn qaydada təçkil olunan təlimin məqsədi müsabiqənin finalçılarına layihə idarə olunması sahəsində zəruri nəzəri və praktik dəstək göstərmək və onların peşəkar inkişaflarını dəstəkləməkdir.
Təlimdə layihə ideyasının formalaşdırılması, layihənin yazılmasının əsas mərhələləri, davamlılıq, monitorinq, büdcə və s. əsas məqamlara toxunulub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, ADPU Elmi Şurasının 04 fevral 2025-ci il tarixli qərarı ilə artıq II mövsümü keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin məqsədi ADPU-nun və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan istedadlı və liderlik qabiliyyətinə malik tələbələrin aşkar edilməsi, onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankının formalaşdırılması məqsədi daşıyır. Müsabiqə artıq ikinci dəfədir keçirilir və “bp Azərbaycan” şirkətinin sponsorluğu ilə həyata keçirilir.