Previous Next

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 28 May – Müstəqillik Günü münasibətilə TƏBRİKİ

Hörmətli həmkarlar, əziz tələbələr!

28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, müstəqil dövlətimizin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Azərbaycan xalqı 1918-ci ilin 28 mayında tarixin çox çətin, lakin eyni zamanda ümid dolu bir dövründə milli iradəsini ortaya qoyaraq, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Cəmi 23 ay mövcud olmuş bu dövlət qısa zaman ərzində mühüm hüquqi, siyasi və sosial islahatlar həyata keçirərək müstəqil dövlətçiliyimizin təməlini atdı. Parlamentli respublika modeli, xalqın iradəsinə əsaslanan idarəetmə forması, mühüm dövlət atributları – üçrəngli bayrağın qəbul edilməsi, gerb və himnin hazırlanmasına başlanması, qadınlara seçki hüququnun verilməsi, dövlət dilinin tətbiq olunması və digər fundamental qərarlar məhz həmin dövrdə reallaşmışdır.

Bu tarixi irsi tamhüquqlu varis kimi qəbul edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqil dövlət olduqdan sonra böyük çətinlik və sınaqlardan keçmiş, lakin xalqımızın əzmi və Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticə¬sində sabitliyə nail olmuş və ardıcıl inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndərin uzaqgörən siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz son illərdə möhtəşəm tarixi nailiy¬yətlərə imza atdı.

Əzəli torpaqlarımızın 30 illik erməni işğalına son qoyulması ilə nəticələnən 44 gün¬lük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olundu. Bunun ardınca Qarabağ və Şərqi Zəngəzurda sürətlə həyata keçirilən nəhəng bərpa-quruculuq prosesi müasir Azərbaycan tarixində yeni dövrün başlanğıcını qoydu.

Artıq “Böyük qayıdış” proqramının icrası geniş vüsət alır. Bu baxımdan 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması böyük rəmzi məna daşıyır. Belə ki, cari il ərazi bütövlüyünün bərpasının 5 illiyini yaşayan müstəqil Azərbay¬canın həm də ilk Konstitusiyasının 30 illik yubileyinə təsadüf edir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız ölkəmizin hüquqi-siyasi həyatında dönüş nöqtəsi olmuş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasını təşkil etmişdir. Bu gün həmin hüquqi və siyasi bünövrə üzərində müasir, güclü, müstəqil Azərbaycan dövləti qurulmuş və beynəlxalq arenada öz layiqli yerini tutmuşdur.

Konstitusiya və suverenlik müstəqil dövlətin təməl sütunlarıdır. Onların qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın mənəvi borcudur. Müasir dövrün çağı-rışlarına cavab verən və milli-mənəvi dəyərlərə əsaslanan təhsil sistemi də yalnız müstəqil və suveren dövlət şəraitində inkişaf edə bilər. Bu baxımdan təhsil və elm sahəsində çalışan ziyalılar kimi, bizim də üzərimizə həmin müqəddəs dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm vəzifələr düşür.

 

Əziz həmkarlar və tələbələr!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi olaraq, biz də dövlət müstə¬qilliyimizin daha da möhkəmləndirilməsi, suverenliyimizin qorunması və Konsti¬tu¬siya dəyərlərinin təbliği istiqamətində öz fəaliyyətimizi əzmlə davam etdirməliyik. Sizi bir daha bu sevimli bayram münasibətilə təbrik edir, Vətənə və dövlətə səda¬qət¬li, milli dəyərlərə bağlı işgüzar kollektiv, peşəkar müəllim və gələcəyin savadlı mütəxəssisləri kimi bütün işlərinizdə, o cümlədən qarşıdan gələn yaz imtahan sessi¬yasında uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

 

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search