Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin daxilində fəaliyyət göstərən ADPU TV könüllü tələbə komandasının üzvləri Gülay İmanzadə və Ayşən Nağıyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan mayor Ramid Hacıyev, baş leytenant Babək Allahverdiyev və I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun ailələrini ziyarət ediblər. Ziyarət zamanı tələbələr şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək şəhid övladlarına oyuncaqlar və hədiyyələr təqdim edib, onlarla əyləncəli oyunlar keçirərək uşaqlara xoş anlar yaşadıblar.
Qeyd edək ki, şəhid mayor Ramid Hacıyev 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Vətən müharibəsində Ramid xüsusi qəhrəmanlığı ilə fərqlənib. R.Hacıyev 16 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub.
1987-ci ildə doğulan Ruhin Xəlilov Ədliyyə Nazirliyinin İcra baş idarəsinə çalışıb və I dərəcəli ədliyyə qulluqçusu olub. Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb, Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Babək Allahverdiyev Naxçıvan MR-in Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Vətən müharibəsinə baş leytanant kimi qoşulan B.Allahverdiyev Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Şuşa istiqamətində gedən ağır döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 4-də Şuşanın azadlığı uğrunda gedən şiddətli döyuşdə şəhidlik zirvəsinə yüksəlib. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.