İyunun 21-də Azərbaycam Dövlət Pedaqoji Universitetinin (ADPU) sosial və humanitar məsələlər üzrə prorektoru, müsabiqənin Təşkilat Komitəsinin üzvü professor Fikrət Rzayev “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün qalibləri ilə görüşüb. Görüşdə layihənin İşçi qrupunun rəhbəri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, layihənin koordinatoru Məhəmməd İsrayılzadə, könüllülərlə iş üzrə məsul şəxs İsmayıl Nəsirov, İşçi qrupunun üzvü Tərlan Ağayev və müsabiqənin qaliblər iştirak ediblər.
Görüşdə çıxış edən professor Fikrət Rzayev keçirilən müsabiqənin tələbələrin potensialının üzə çıxarılması və onların peşəkar kadr kimi formalaşması baxımından vacib bir platforma təqdim etdiyini bildirib. O, çıxışında müsabiqənin əhəmiyyətinə toxunaraq, bu təşəbbüsün gənclərin intellektual və idarəetmə potensiallarının üzə çıxarılması və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından xüsusi rol oynadığını bildirib. Qeyd edilib ki, bu tipli layihələr tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli mühit yaratmaqla yanaşı, onların gələcək karyera yollarına doğru atdıqları mühüm bir addımdır. Prof. F.Rzayev çıxışının sonunda qaliblərə mentorluq proqramında uğurlar arzulayaraq, onlara bu vacib fürsətdən səmərəli istifadə etməyi, aktiv və təşəbbüskar olmağı tövsiyə edib, bu kimi layihələrin universitetin təhsil strategiyasının tərkib hissəsi olduğunu və tələbələrin hərtərəfli inkişafını hədəflədiyini xüsusi vurğulayıb.
Layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, ümumilikdə 800 nəfərədək tələbənin iştirak etdiyi müsabiqədə 3 mərhələdən sonra qalib adını qazanan 10 nəfər tələbə 1000 AZN məbləğində pul mükafatı ilə təltif olunmaqla yanaşı, ADPU-nun rəhbər heyətinin də daxil olduğu Təşkilat Komitəsinin üzvlərinin birbaşa iştirakı ilə formalaşdırılan mentorluq proqramına cəlb olunmaq şansı qazanıblar. Yeni tədris ilinin əvvəlindən mentorluq proqramına start veriləcəyini bildirən T.Mirzəyev qalibləri bu mərhələdə təşəbbüskar və aktiv olmağa çağırıb, növbəti mentorluq proqramı ilə bağlı tətbiqi nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
Sonda qaliblərin müsabiqə barədə təəsüratları dinlənilib, müsabiqə qaydalarının təkmilləşdirilməsi istiqamətində təklifləri dəyərləndirilib, suallar cavablandırılıb.