Müasir ali təhsil sisteminin günün tələbləri səviyyəsində qurulması və islahatı məqsədilə dünyanın aparıcı ölkələrində müxtəlif trayektoriyalar mövcuddur. “XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yenilənmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür”. 1998-ci ildə Parisdə keçirilən Ali təhsil üzrə ümumdünya konfransında səslənmiş bu fikir hazırda da öz aktuallığını saxlayır. Ali məktəbdə proseslərin hərəkətverici qüvvəsi onun yeniləşmə zəruriliyi, maddi-texniki bazası və dünya təhsil sisteminə daxilolma cəhdidir. Müasir ali təhsilin uğurları daim dəyişən şəraitə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirilir. Dövlətə və cəmiyyətə əmək bazarının tələblərinə uyğun olaraq öz fəaliyyətinin məzmununu çevik dəyişməyə qabiliyyətli mütəxəssislər lazımdır. Belə kadrların hazırlanması isə yüksək səviyyəli ali təhsil müəssisələrində mümkündür. Yeni şəraitdə köhnə təcrübə yalnız xeyirsiz yox, hətta zərərli ola bilər.
Təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliyinin başlıca şərtlərindəndir. Belə ki, ölkələr təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, həmçinin ictimai dəyərləri və təhsil sistemləri (xüsusilə ali təhsil sistemləri) ilə də rəqabət aparırlar. Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə yox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə getdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə çox böyük ehtiyacı var. Müasir dünya informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.
Ölkəmizdə müstəqillik illərində ali təhsilin fasiləsiz təkmilləşmə və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2003-cü ildə Cenevrədə “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti”ndə “Biz qara qızıl kapitalını insan potensialına çevirəcəyik” bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və hazırda uğurla inkişaf edir. Elmə söykənən iqtisadiyyatın formalaşmasında da intellektual potensialın mühüm rolu danılmaz həqiqətdir. Cəmiyyətin davamlı inkişafında, intellektual potensialın formalaşmasında, maddi sərvətlərin intellektual kapitala çevrilməsində təhsil, xüsusilə ali təhsil müstəsna əhəmiyyət kəsb edir.
ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin “Amerika Birləşmiş Ştatlarının universitetləri ona görə qüdrətli deyillər ki, onlar Amerika Birləşmiş Ştatları kimi güclü dövlətin universitetləridirlər. Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var” fikrinin şərhinə hesab edirəm ki, ehtiyac yoxdur.
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı inanırıq ki, ölkəmizdə ali məktəblərin brend universitetlərə çevrilməsinə, “Tədqiqat universiteti” statusu qazanmasına, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmlənməsinə, intellektual potensialın yüksəlməsinə və nəhayət, Müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir. Fürsətdən istifadə edib ölkəmizin Prezidenti möhtərəm cənab İlham Əliyevə elm və təhsil ictimaiyyətinin nümayəndəsi olaraq bu Fərmanla əlaqədar minnətdarlığımı bildirirəm.
Professor Asəf Zamanov
fizika-riyaziyyat elmləri doktoru
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
elm və innovasiyalar üzrə prorektoru