Previous Next

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın ixrac imkanlarını artıraraq ölkənin geosiyasi əhəmiyyətini yüksəldir

Azərbaycanın son 22 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 30 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır.

Cari ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika tarixinin mühüm hadisələrindəndir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bərpaolunan enerji resurslarından daha səmərəli istifadə və ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyinin güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.

 Mingəçevir şəhərinə səfəri çərçivəsində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən dövlətimizin başçısı tədbirdə çıxış edərək “8 Noyabr” Elektrik Stansiyasının açılışının çox gözəl hadisə olduğunu bildirərək qeyd etmişdir: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”.

Çıxışında ölkəmizin İtaliya və Çinlə olan münasibətlərinə toxunan Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın hər iki ölkəylə strateji tərəfdaş olduğunu bildirib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı, Çinin də ölkəmizin ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdə olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başladğını, Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başladığını diqqətə çatdırıb.

Bir sözlə, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Azərbaycanın 12 ölkəyə – onlardan 10-u Avropa ölkəsi olmaqla qaz ixrac etməsi və bu şəbəkənin genişlənməsi dövlətimizin bu qitənin enerji təminatında etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Yeni elektrik stansiyalarının, xüsusilə də “8 Noyabr” kimi yüksək gücə malik obyektlərin istismara verilməsi Azərbaycanın həm daxili enerji təhlükəsizliyini təmin edir, həm də ixrac imkanlarını artıraraq ölkənin geosiyasi əhəmiyyətini yüksəldir.

Arzu DAŞDƏMİROV,

ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim

 

 

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search