Previous Next

Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişafı

150 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 150 ildə böyük inkişaf yolu keçib.

1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı və cəmiyyətə dilin verilməsini mütləq sayırdı. “Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi. Ziyalıların bu addımları cəmiyyətin aparıcı simalarını, o zamanın iş adamlarını da vahid platforma ətrafında birləşdirirdi. Bakının azərbaycanlı milyonçuları millətin oxuya biləcəyi, maariflənəcəyi mətbu orqanların nəşrinə maddi dəstək göstərirdi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi köməyi ilə Bakıda rus dilində “Kaspi” qəzeti dərc olunurdu. Ölkədə dini xurafatın qarşısını almaq, insanların gözünü açmaq üçün ən böyük addım C.Məmmədquluzadənin redaktorluğu ilə bütün müsəlman dünyasında məşhur olan “Molla Nəsrəddin” jurnalının nəşri idi. Məhz “Molla Nəsrəddin” o dövrün ən populyar nəşri sayılırdı.

1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına start verdi və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.

Sonrakı dövrlərdə isə artıq sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi. 1969-cu ilin 14 iyulunda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu Öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli Lider Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür;

Təsadüfi deyil ki, hazırda Respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olub. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılıb. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətlərinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Bu gün dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Taleh MİRZƏYEV,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

 

 

 

 

 

 

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search